
Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektorunda rəqəmsallaşma səviyyəsinin qiymətləndirilməsi məqsədilə rəqəmsal yetkinlik indeksinin hazırlanması üzərində işləyir.
Bunu AMB-nin Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi Bakıda keçirilən “Azərbaycanın rəqəmsal maliyyə gündəliyi” mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, rəqəmsallaşma və süni intellekt həllərinin tətbiqi hazırda maliyyə sektorunun əsas inkişaf istiqamətlərindən biridir. O bildirib ki, qlobal miqyasda rəqəmsallaşma artıq yenilik hesab edilmir və əsas diqqət süni intellekt texnologiyalarının tətbiqinə yönəlib.
F.Tofidi qeyd edib ki, AMB qarşıdakı strateji dövrdə maliyyə institutlarının rəqəmsallaşma səviyyəsinin yüksəldilməsi və süni intellekt həllərinin daha geniş tətbiqini hədəfləyir. Hazırda həyata keçirilən layihələr davam etdiriləcək, bir sıra yeni təşəbbüslərin isə daha geniş auditoriyanı əhatə etməsi planlaşdırılır.
Departament direktoru bildirib ki, rəqəmsal yetkinlik indeksi AMB-nin ən böyük layihələrindən biridir. Hazırda layihə üzrə təsdiq və hazırlıq işləri davam etdiyindən bütün detallar açıqlanmır. Bununla belə, ilkin nəticələr artıq formalaşıb və yaxın vaxtlarda media, eləcə də maliyyə sektoru ilə paylaşılacaq.
Onun sözlərinə görə, Mərkəzi Bank meqarequlyator kimi bank, ödəniş, fintex, sığorta və kapital bazarları sektorlarında rəqəmsallaşma və rəqəmsal yetkinlik səviyyəsini qiymətləndirib. Əldə olunan məlumatlar və formalaşdırılan indekslər 2027–2030-cu illəri əhatə edəcək yeni inkişaf strategiyasının hazırlanmasında əsas analitik baza kimi istifadə olunacaq.




