
Azərbaycanda mövcud normativ-hüquqi baza maliyyə icarəsi fəaliyyətinin genişləndirilməsi və inkişafı üçün yetərli deyil.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycan Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev “Maliyyə icarəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, maliyyə icarəsini adi icarədən fərqləndirən əsas xüsusiyyətlər mövcud qanunvericilikdə tam əks olunmur. Bu sahənin yetərli tənzimləmə və nəzarət mexanizmləri ilə əhatə olunmaması maliyyə bazarlarından vəsait cəlb edilməsini çətinləşdirir və sektorun inkişafını məhdudlaşdırır.
T.Əliyev qeyd edib ki, yeni qanun layihəsinin qəbulu maliyyə icarəsi xidmətləri göstərən təşkilatların fəaliyyət imkanlarını genişləndirəcək və sahənin inkişafı üçün daha əlverişli mühit yaradacaq. Hazırda bu fəaliyyətlə əsasən banklar və bank olmayan kredit təşkilatları məşğul olsa da, maliyyə icarəsi məhsulları üzrə ayrılan vəsaitlərin həcmi qənaətbəxş deyil.
O əlavə edib ki, Azərbaycanda lizinq şirkəti kimi qeydiyyatdan keçmiş hüquqi şəxslərin yalnız 5-10 %-i faktiki olaraq maliyyə icarəsi fəaliyyəti ilə məşğuldur. Bu sahə üzrə xüsusi icazə tələb olunmadığından, sadəcə vergi qeydiyyatı ilə fəaliyyət göstərən subyektlər də bu xidmətləri təqdim edə bilir. Lakin praktikada bu xidmətləri göstərənlərin sayı məhduddur və təqdim olunan xidmətlərin həcmini dəqiq müəyyənləşdirmək çətinlik yaradır.
Mənbə: Report.az




