

Apple-ın xalis mənfəəti 6,2% artıb.İkinci rübdə gəlir proqnozları üstələyib.
BBN.az xəbər verir ki, “Apple” şirkəti 2024-2025-ci maliyyə ilinin birinci yarısında xalis mənfəətinin illik müqayisədə 6,2% artaraq 61,11 milyard dollara çatdığını açıqlayıb. Şirkətin maliyyə hesabatlarına əsasən, səhm başına azaldılmış mənfəət bu dövrdə 3,71 dollardan 4,05 dollara yüksəlib.
Şirkətin ümumi gəliri isə 4,4% artaraq 219,659 milyard dollara çatıb.
Maliyyə ilinin ikinci rübündə “Apple”ın xalis gəliri illik müqayisədə 4,8% artaraq 24,78 milyard dollar olub. Bu dövrdə səhm üzrə azaldılmış mənfəət 1,53 dollardan 1,65 dollara qalxıb ki, bu da analitiklərin 1,61 dollarlıq proqnozunu üstələyib. İkinci rüb üzrə gəlir də 5,1% artaraq 95,359 milyard dollara çatıb və gözlənilən 94,22 milyard dolları keçib.
Məhsul bölmələri üzrə nəticələr belədir:
-
iPhone satışları 1,9% artaraq 46,841 milyard dollar,
-
Mac satışları 6,7% artaraq 7,949 milyard dollar,
-
iPad satışları isə 15,2% artaraq 6,402 milyard dollar təşkil edib.
Ev və aksesuarlar kateqoriyasında (Apple Watch, AirPods və s.) gəlirlər 4,9% azalaraq 7,522 milyard dollara düşüb. Xidmətlər bölməsi isə analitiklərin 26,69 milyard dollarlıq proqnozuna yaxın nəticə göstərərək 26,645 milyard dollarla yekunlaşıb ki, bu da 11,6%-lik artım deməkdir.
“Apple” həmçinin Direktorlar Şurasının 100 milyard dollara qədər əlavə səhm geri alımı proqramını təsdiqlədiyini və hər səhmə görə dividendi 0,26 dollara (4% artım) çatdırdığını elan edib. Bütün bu göstəricilərə baxmayaraq, şirkətin səhmləri bazardan sonrakı ticarət sessiyasında 2,5% ucuzlaşıb.
Qeyd edək ki, 1976-cı ildə yaradılmış “Apple” şirkəti fərdi kompüterlər, planşetlər, mobil telefonlar, ağıllı saatlar və proqram təminatı istehsalçısıdır.