Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkası təşkil edilib.
Lənkəran-Astara Regional Məşğulluq filialı tərəfindən Astarada keçirilən yarmarkada 14 müəssisə iştirak edib və 244 vakansiya təqdim edilib. Aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan olan işəgötürənlər, işsiz və işaxtaran şəxslər və Agentliyin nümayəndələri iştirak edib.
Yarmarkada vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər üçün göndərişlər formalaşdırılıb.
Tədbirdə həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib.