
Azərbaycan Çinin ən iri dövlət şirkətlərindən biri olan “CITIC Group” ilə Bakıda həyata keçirilməsi nəzərdə tutulan süni intellekt hesablama platforması layihəsi üzrə əməkdaşlıq imkanlarını müzakirə edib.
Məsələ nazir müavini Saməddin Əsədovun “CITIC Group”un vitse-prezidenti Benjamin Baonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə olunub.
Görüşdə mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılan və ilkin gücünün 1 GVt-a qədər olması nəzərdə tutulan süni intellekt hesablama platforması üzrə “CITIC Group”un potensial tərəfdaş kimi layihəyə cəlb edilməsi məsələsi müzakirə edilib.
Bununla yanaşı, şirkətin layihənin maliyyələşdirilməsi və tikinti-quraşdırma işlərində iştirak imkanları da nəzərdən keçirilib.
Görüş zamanı “AZCON Holdinq”in nəqliyyat, rabitə və Milli Süni İntellekt Mərkəzi üzrə layihələri çərçivəsində “CITIC Group” ilə əməkdaşlıq imkanları da müzakirə olunub.
Qeyd edək ki, “CITIC Group” bank, qeyri-bank maliyyə xidmətləri, sənaye istehsalı, qabaqcıl materiallar və yeni tipli şəhərsalma olmaqla beş əsas biznes istiqaməti üzrə fəaliyyət göstərir. Şirkətin ümumi aktivləri təxminən 1,5 trilyon ABŞ dolları təşkil edir.





