
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən 2 378,6 milyon manat dəyərində xidmət göstərilib.
BBN.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,4 % çoxdur.
Göstərilən xidmətlərin 742,1 milyon manatı və ya 31,2 %-i mobil telefon rabitəsinin, 383 milyon manatı və ya 16,1 %-i internet xidmətlərinin, 379,3 milyon manatı və ya 16 %-i proqram təminatının işlənməsi və bu sahədə məsləhət xidmətlərinin, 274,2 milyon manatı və ya 11,5 %-i informasiya xidmətlərinin, 600 milyon manatı və ya 25,2 %-i isə digər informasiya və rabitə xidmətlərinin payına düşüb.
İllik müqayisədə ən yüksək artım proqram təminatının işlənməsi və bu sahədə məsləhət xidmətlərində qeydə alınıb. Bu xidmətlərin həcmi 34,8 % artıb.
Bundan əlavə, internet xidmətləri 22 %, informasiya xidmətləri 13,2 %, mobil telefon rabitəsi xidmətləri 2,9 %, digər informasiya və rabitə xidmətləri isə 4,9 % artıb.





