
Azərbaycanda lombard fəaliyyətinin daha dəqiq və sistemli şəkildə tənzimlənməsi məqsədilə yeni qanun layihəsinin hazırlanmasına ehtiyac olduğu bildirilib.
BBN.az xəbər verir ki, bunu “Unikal”a açıqlamasında deputat Vüqar Bayramov deyib.
Deputatın sözlərinə görə, bir sıra hallarda lombardlarla borc alan vətəndaşlar arasında anlaşılmazlıqlar və hətta ciddi problemlər yaşanır:
“Əvvəlki illərdə bəzi lombardların öz öhdəliklərinə əməl etməməsi və girovla bağlı problemlər yaratmasını müşahidə edirdik. Son illər bu sahədə vəziyyətin xeyli dəyişməsi və yaxşılaşması müşahidə olunur. Bununla yanaşı, yeni qanun layihəsinin hazırlanmasına, xüsusilə girovlar, girova münasibətdə verilən borcun məbləğinin tənzimlənməsi və lombardlardan borc alan vətəndaşların hüquqlarının daha yaxından qorunmasına ehtiyac var”.
Onun fikrincə, lombardların faiz dərəcələrinin tənzimlənməsi istiqamətində inzibati deyil, alternativ metodlardan istifadə daha məqsədəuyğun olardı.
Deputat əlavə edib ki, hazırda lombard kreditləri üzrə faiz dərəcələri kifayət qədər yüksəkdir:
“Kredit faizlərinin yüksək olması vətəndaşların daha çox borclanmasına səbəb olur. Borclandıqdan sonra isə bir sıra hallarda öhdəliklərin yerinə yetirilməsində çətinliklər yaranır. Bu isə girovun geri alınması prosesində də problemlərə yol açır”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı-nın sədri Taleh Kazımov ötən gün keçirdiyi mətbuat konfransında “Lombardlar haqqında” qanunun yeni layihəsinin hazırlandığını açıqlayıb. Onun sözlərinə görə, AMB bu istiqamətdə əsas diqqəti istehlakçı hüquqlarının müdafiəsinə yönəldəcək.





