
2026-cı ilin aprel ayında Azərbaycanda ödəniş kartları vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 94 milyon manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, bu ilin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artıb.
Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 969 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1 milyard 123 milyon manatı POS-terminallar, 2.5 milyon manatı isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib.
İlin əvvəlindən ödəniş kartları ilə aparılan nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi ölkədaxili kart əməliyyatlarının 69.9%-ni təşkil edib.
Bundan əlavə, banklar və Azərpoçt MMC-nin ödəniş xidməti şəbəkələri üzrə də artım müşahidə olunub. Belə ki, ötən ilin aprel ayının sonu ilə müqayisədə bankomatların sayı 6%, POS-terminalların sayı isə 24% artıb.




