Home » Azərbaycanda çevik iş rejiminə keçidlə bağlı yeni model tətbiq olunacaq

Azərbaycanda çevik iş rejiminə keçidlə bağlı yeni model tətbiq olunacaq

by yunus
0 comments 0 views 2 minutes read

Azərbaycanda yaxın illərdə çevik iş rejiminin tətbiqinə başlanılması planlaşdırılır.

BBN.az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”nda yer alıb.

Sənədə əsasən, 2026-2030-cu illərdə beynəlxalq təcrübə nəzərə alınmaqla çevik iş vaxtı modelinin tətbiqi nəzərdə tutulur. Bunun üçün müvafiq normativ hüquqi akt layihələrinin hazırlanaraq aidiyyəti qurumlara təqdim edilməsi planlaşdırılır.

Tədbirlər Planında əmək münasibətlərinin leqallaşdırılmasının gücləndirilməsi və əmək müqaviləsi ilə çalışan şəxslərin sayının artırılması da əsas hədəflər sırasında göstərilir. Eyni zamanda, işsiz şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə süni intellekt əsaslı xidmətlərin yaradılması və bu xidmətlərdən istifadə edənlərin sayının artırılması nəzərdə tutulur.

Bundan başqa, işsiz və işaxtaran şəxslərin əmək bazarında tələb olunan peşələr üzrə bilik və bacarıqlarının artırılması, eləcə də onların karyera imkanlarının genişləndirilməsi üçün “Peşələr üzrə elektron atlas” informasiya sisteminin yaradılması planlaşdırılır.

Sənəddə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən qadınların aktiv məşğulluq tədbirlərinə daha geniş cəlb edilməsi də nəzərdə tutulub. Bu istiqamətdə məqsəd həmin qadınların əmək bazarına daha qısa müddətdə inteqrasiyasını təmin etməkdir.

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, əmək münasibətlərinin leqallaşdırılması həm büdcə daxilolmalarına, həm vətəndaşların gələcəkdə sosial ödənişlərdən daha rahat yararlanmasına, həm də şirkətlərdə idarəetmənin səmərəliliyinin artmasına müsbət təsir göstərə bilər.

Tədbirlər Planında ali və orta ixtisas təhsili proqramlarının əmək bazarının tələblərinə uyğun yenilənməsi də öz əksini tapıb. Həmçinin dövlət uşaq müəssisələrinin məzunları üçün fərdi məşğulluq proqramlarının hazırlanması və dual peşə təhsili proqramına cəlb olunan tələbələrin sayının 1 600 nəfərə çatdırılması planlaşdırılır. Bu addımların əmək bazarında praktiki bacarıqlara malik kadrların sayının artırılmasına xidmət edəcəyi gözlənilir.

Təhsil eksperti Rizvan Fikrətoğlu hesab edir ki, təhsil müəssisələrində tədris olunan ixtisas və fənlərin işəgötürənlərin real ehtiyacları əsasında yenidən qiymətləndirilməsi məzunların əmək bazarına daha hazırlıqlı çıxmasına şərait yarada bilər. Onun fikrincə, bu yanaşma həm işə qəbul imkanlarını genişləndirə, həm də işəgötürənlərin ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına kömək edə bilər.

Sərəncama əsasən, Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrasının əlaqələndirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Nazirlik görülən işlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat təqdim etməlidir. Tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi isə nazirliyin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.