
Azərbaycanda qarşıdakı dövrdə milli iqtisadiyyatın dayanıqlığının gücləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. BBN.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev “Dayaq” mükafatının təqdimetmə mərasimində çıxışı zamanı bildirib.
Nazir müavini qeyd edib ki, bu istiqamətdə özəl sektorun təşəbbüskarlığı, yeni biznes ideyalarının reallaşdırılması və innovativ yanaşmalar xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, mütərəqqi texnologiyaların transferi və ixrac yönümlü istehsal proseslərinin ölkədə təşkili sahəsində özəl sektorun rolu böyükdür.
Elnur Əliyev bildirib ki, son illər dövlət “yaşıl enerji” istehsalının artırılması və logistik imkanların genişləndirilməsi istiqamətində xarici investorlarla birgə irimiqyaslı layihələr həyata keçirir. Paralel olaraq “yaşıl dəyər” zəncirinin müxtəlif həlqələri üzrə komponent istehsalının yaradılması, eləcə də innovativ rəqəmsal layihələrin inkişafı üçün əlverişli imkanlar formalaşdırılır.
Nazir müavini, həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illəri əhatə edən strategiyanın təsdiqləndiyini xatırladıb. Onun sözlərinə görə, strategiyanın icrası nəticəsində rəqəmsal sektorun ÜDM-də payının artırılması, iqtisadiyyatın bütün sahələrində rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi hədəflənir.
Elnur Əliyev vurğulayıb ki, ixrac potensialının artırılması və ixrac coğrafiyasının genişləndirilməsi də qarşıdakı dövr üçün əsas hədəflər sırasında yer alır.






