
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi ilə Sinqapurun Kranji Solution və MySep Pte şirkətləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi “Azneft” İB-nin baş mühəndisi və baş direktorun birinci müavini Tofiq Heydərov, “Kranji Solution” şirkətinin texniki direktoru Michel van Vorselen və “MySep Pte” şirkətinin rəhbəri Guy Hellinx imzalayıb.
Razılaşmaya əsasən, “Azneft”in strukturuna daxil olan neft və qazçıxarma idarələrinin qazyığım və nəql sistemlərində istismar edilən separatorlar mövcud rejimlərə uyğun modernləşdiriləcək. Eyni zamanda sahə üzrə 10 nəfər yerli mütəxəssis üçün təlim proqramı həyata keçiriləcək.
Layihənin icrası nəticəsində separatorların layihələndirilməsi, nasazlıqların aradan qaldırılması, uyğunluq və güc artımı ilə bağlı yoxlamalar yerli mütəxəssislər tərəfindən müstəqil şəkildə aparılacaq. Bu isə yığım və nəql sistemlərində mürəkkəbləşmə risklərinin minimuma endirilməsinə imkan verəcək.
Qeyd edək ki, “Kranji Solution” 2008-ci ildə Sinqapurda neft və qaz sənayesinə ayırma prosesləri üzrə müstəqil məsləhət xidmətləri göstərmək məqsədilə yaradılıb. Şirkətin təsisçiləri öz bacarıq və təcrübələrini aparıcı ayırma texnologiyaları şirkəti olan “CDS Engineering BV”də təkmilləşdiriblər. 2011-ci ildə “Kranji Solution” tərəfindən iki və üç fazalı separatorların qiymətləndirilməsi və layihələndirilməsi üçün “MySep” proqramı təqdim edilib. 2013-cü ildə isə “MySep” ayrıca şirkətə çevrilərək proses dizayn proqram təminatı sahəsində fəaliyyətini genişləndirib.







