
Azərbaycanda turizmin inkişafı məqsədilə beynəlxalq hava nəqliyyatı əlaqələrinin genişləndirilməsi, uçuşların sayının artırılması və aviabilet qiymətlərinin daha münasib səviyyəyə gətirilməsi nəzərdə tutulur.
BBN.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.
Plana əsasən, hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud istiqamətlər üzrə uçuş tezliyinin artırılması və yeni birbaşa hava nəqliyyatı əlaqələrinin yaradılması istiqamətində təşviq tədbirləri həyata keçiriləcək.
Proqramda həmçinin aviabilet qiymətlərinin daha münasib səviyyəyə gətirilməsi əsas hədəflərdən biri kimi müəyyən edilib.
Bununla yanaşı, regional hava limanlarının mövcud potensialından daha səmərəli istifadə olunması və onların turizm axınının artırılmasına töhfəsinin gücləndirilməsi də nəzərdə tutulur.





