
Azərbaycanda iqtisadi fəaliyyət sahəsində törədilən bəzi cinayətlərə görə cinayət məsuliyyətindən azadolma şərtləri yumşaldılır.
BBN.az xəbər verir ki, bununla bağlı dəyişiklik Milli Məclisin bugünkü iclasında müzakirə edilən Cinayət Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb və sənəd üçüncü oxunuşda qəbul edilib.
Qanun layihəsinə əsasən, qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, rəqabəti məhdudlaşdırma və digər iqtisadi cinayətləri törətmiş şəxslər vurulmuş ziyanı tam ödədikdə və ya cinayət nəticəsində əldə edilmiş gəliri tam şəkildə dövlət büdcəsinə köçürdükdə əlavə olaraq əvvəlki kimi ziyanın və ya əldə edilmiş gəlirin 100 %-i deyil, 50 %-i həcmində ödəniş etdikləri halda cinayət məsuliyyətindən azad ediləcəklər.
Dəyişikliklər yalançı sahibkarlıq anlayışının əhatə dairəsini də genişləndirir. Belə ki, qanunsuz şəkildə kredit əldə etmək, rüsumlardan yayınmaq, digər əmlak mənfəəti qazanmaq və ya qadağan olunmuş fəaliyyəti gizlətmək məqsədilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan fiziki şəxs kimi vergi uçotuna alınma, eləcə də bu məqsədlə hüquqi şəxsin və ya vergi uçotunda olan fiziki şəxsin fəaliyyətinin faktiki idarə edilməsi də yalançı sahibkarlıq hesab olunacaq.
Qeyd edək ki, qanun layihəsi Milli Məclisdə keçirilən müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
banker.az




