Bank nümayəndələrinə “Əmək və Məşğulluq” altsisteminin təqdimatı keçirilmişdir

Bildiyiniz kimi, son günlərdə ölkəmizdə əmək münasibətlərində innovativ dəyişiklikləri nəzərdə tutan “Əmək və Məşğulluq” altsisteminə (ƏMAS) keçid həyata keçirilir.

Bununla əlaqədar olaraq 19 may 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvləri üçün bu sistemə daha rahat və vaxtında keçidin təmin edilməsi, keçid zamanı əməkdaşları maraqlandıran sualların operativ şəkildə cavablandırılması məqsədi ilə Dövlət Məşğulluq Agentliyinin (DMA) bu sahəyə məsul şəxsləri ilə üzv bankların HR rəhbərlərinin onlayn formatda görüşü keçirilmişdir. Görüş zamanı DMA nümayəndələri tərəfindən sistem haqqında ətraflı məlumat verilmiş, sistemdə işləmə qaydaları, sistemin verdiyi üstünlüklər barədə təqdimatla çıxış etmişdirlər.

Belə ki, “Əmək münasibətləri və məşğulluq altsistemi” ƏMAS ölkədaxili bütün işəgötürənlər və işə qəbul olanlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də digər dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolunda çıxış edəcək, əmək müqaviləsinin elektron formada bağlanılması, rəqəmsal kadr uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsində önəmli rol oynayacaqdır.

Əmək münasibətlərinə aid digər prosedurlar kimi, əmək müqavilələrinin bağlanılması, onlara dəyişiklik edilməsi və ya xitam verilməsi də artıq ƏMAS platforması üzərindən olmaqla e-qaydada həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır