Bankçılıq sektorunun başlıca iştirakçılarından olan və bankların ənənəvi mühitdən rəqəmsal mühitə transformasiyasının sürətləndirilməsində böyük paya sahib olan beynəlxalq kart təşkilatları 2021-ci il üzrə yekun maliyyə hesabatlarını dərc ediblər.
İlkin olaraq, “Visa” şirkətinin hesabatına əsasən, 2021-ci il üzrə şirkətin gəlirləri 2020-ci ilin göstəriciləri ilə nisbətdə 10% artıb və 24.1 milyard dollar səviyyəsinə çatıb. Müvafiq dövr ərzində emal edilən ödəniş tranzaksiyalarının ümumi həcmində isə 17%-lik artım qeydə alınıb və 164.7 milyarda yüksəlib. Xidmətlərdən əldə edilən gəlir 17%, data prosessing gəliri 17%, beynəlxalq tranzaksiyalardan əldə edilən gəlir isə 4%-lik paya sahibdir. 2.79 milyard dollar həcmində divident ödənişi həyata keçirilib.
Beynəlxalq ödəniş kartları nəhənglərindən olan “MasterCard” isə 2021-ci ildə gəlirlərini 23.5% artıraraq 18.9 milyard dollar səviyyəsinə yüksəldib. Şirkətin əməliyyat gəlirləri və xərcləri müvafiq olaraq 10.1 və 8.8 milyard dollar səviyyəsində qərarlaşıb. Tranzaksiyaların həcmində ümumilikdə 25%-lik artım qeydə alınıb. “MasterCard” tərəfindən 2021-ci ildə ümumilikdə 1.7 milyard dollar həcmində divident ödənişi həyata keçirilib.
Son olaraq, ölkəmizdə elə də geniş həcmdə yayılmasa da, beynəlxalq arenada özünəməxsus nüfuza malik “American Express” kart təşkilatı gəlirlərini 30%-dən çox artıraraq 12.1 milyard dollara çatdırıb. Ümumi mənfəət göstəricisi isə 8.1 milyard dollar səviyyəsində qərarlaşıb.