Bu gün Bakıda Hesablama Palatası və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfrans işinə başlayıb.
BBN.az xəbər verir ki, tədbir Azərbaycan Prezidentinin 2022-ci il 29 sentyabr tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq təşkil olunub.
Konfransın keçirilməsində əsas məqsəd dayanıqlı inkişaf modelinə keçid şəraitində hesabatlılıq anlayışına yeni yanaşma, maliyyə göstəriciləri ilə yanaşı, qeyri-maliyyə, ekoloji, sosial və digər amilləri özündə ehtiva edən hesabatlılıq və nəzarət sisteminin qurulması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üzrə fikir mübadiləsi aparmaq və tövsiyələr işləyib hazırlamaqdan ibarətdir.
Konfransda Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA), İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) kimi nüfuzlu beynəlxalq qurumları və 11 ölkəni – Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Latviya, Litva, Makedoniya, İtaliya, Hindistan, Fransa, təmsil edən 150-dən çox nümayəndə iştirak edir.
Beynəlxalq elmi-praktik konfransda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov konfransı açaraq qonaqları salamlayıb, konfransın işinə uğurlar arzulayıb və konfransın əhəmiyyətindən bəhs ediblər.
N.Əmirov tədbir iştirakçılarına Prezident İlham Əliyevin müraciətini oxuyub.
Konfrans çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində təcrübələr müzakirə ediləcək, bu sahədə beynəlxalq əlaqələrin genişləndirilməsi zərurəti və onun reallaşdırılması şərh edilmiş, “yaşıl iqtisadiyyat”, sosial məsuliyyət və ekoloji tarazlığın təmin edilməsi sahəsində faydalı fikir mübadiləsi aparılacaq.
Konfransın növbəti günü, sentyabrın 16-da konfrans iştirakçılarının Heydər Əliyev Mərkəzinə ziyarəti, xarici ölkələrin audit və mühasibat qurumlarının nümayəndələri ilə auditin normativ hüquqi bazasına, metodiki təminatına, təşkili və tənzimlənməsinə dair təcrübə mübadiləsi və Bakı şəhəri ilə tanışlıq nəzərdə tutulub.