Böyük Britaniyanın yeni Baş naziri enerji şirkətlərindən əlavə vergilərin alınmasının əleyhinədir

Böyük Britaniyanın yeni Baş naziri Liz Truss çərşənbə günü bildirib ki, o, qiymətlərin yüksəlməsi ilə başa çıxmaq üçün enerji şirkətlərinin üzərinə “windfall tax” (əgər şirkət gözlənilmədən böyük gəlir əldə edirsə hökumət əlavə vergi təyin edir-red.) əlavə etmək niyyətində deyil. Bildirib ki, əmindir ki, onun yeni iqtisadi planı insanlar və bizneslərə kömək olacaq.

BBN.az Reuters-ə istinadən xəbər verir ki, Parlamentdə Baş nazir kimi sualları cavablandıran Liz Truss deyib ki, onun cümə axşamı (bu günü nəzərdə tuturdu-red.) elan edəcəyi plan insanlara artan enerji qiymətləri ilə mübarizə aparmağa kömək olacaq.

“Mən windfall tax-a qarşıyam. Şirkətləri Böyük Britaniyada sərmayə qoymağa dayandırmağın yanlış olduğuna inanıram”, – deyə o, sözlərinə əlavə edib.

Qeyd edək ki, Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra, ölkədəki enerji şirkətləri rekord həcmdə gəlir əldə ediblər. Daha əvvəlki hökumətin planlarından biri bu idi ki, belə şirkətlərdən əlavə vergilər əldə edilsin. Bildirək ki, Böyük Britaniyanın “Centrica” (yanvar-iyun, 1.3 milyard funt sterlinq) və “Shell” (aprel-iyunda 10 milyard funt sterlinq) enerji şirkətlərindən sonra, bazarın digər nəhəngi BP də 2022-ci ilin ikinci rübü ilə bağlı gəlirlərini açıqlamışdı və cari ilin aprel-iyun periodunda 6.95 milyard funt sterlinq (8.45 milyard dollar-red.) qazanmışdı.

Bu gün isə aktiv şəkildə yeni Baş nazirin qərarını Böyük Britaniyanın mətbuatında müzakirə edirlər, məsələn, “Good Morning Britain” TV proqramında aparıcı Susanna Reid bildirir ki, nəyə görə biz əlavə gəlir əldə edən enerji şirkətləri üzərində vergi təyin etməməliyik? Rəsminin cavabı isə belə idi ki, onlar onsuz da kifayət qədər vergi ödəyirlər. Daha sonra Susanna qeyd etmişdi ki, bu halda hökumətin enerji ödənişlərində ailə və şirkətlərə kömək olmaq üçün əldə edəcəyi 100-150 milyard funt sterlinqi bizim nəvə-nəticələrimiz ödəyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır