
BBN.AZ | 5 avqust 2025
Britaniya Ali Məhkəməsinin avtomobil kredit qalmaqalı ilə bağlı çıxardığı qərardan sonra ölkənin aparıcı kredit təşkilatlarının səhmlərində əhəmiyyətli artım müşahidə olunub.
Qərarın ardından ixtisaslaşmış kredit təşkilatı olan Close Brothers-in səhmləri 23,5%, Lloyds Banking Group-un səhmləri isə 9% artaraq son on ilin ən yüksək səviyyəsinə çatıb. Barclays-in səhmləri 1,6%, FirstRand-ın səhmləri isə 2,4% bahalaşıb.
Qərar bank sektorunu ümumilikdə 44 milyard funt sterlinq həcmində mümkün kompensasiya öhdəliyindən azad edib. Maliyyə Bazarlarına Nəzarət Təşkilatı (FCA) bunun əvəzinə 9–18 milyard funt arasında dəyişəcək daha məhdud bir kompensasiya sxemi üzərində çalışdığını açıqlayıb. Yeni planın oktyabr ayında ictimai məsləhətləşməyə çıxarılması nəzərdə tutulur.
Qeyd edək ki, qalmaqal 2007–2020-ci illər ərzində banklarla avtomobil dilerləri arasında mövcud olmuş, müştərilər üçün əlavə xərcə səbəb olan komissiya razılaşmaları ilə bağlıdır. FCA-nın bildirdiyinə görə, bu dövrdə bir çox kredit təşkilatı müştərilərə komissiya məlumatlarını açıqlamayıb.
Lloyds Bank daha əvvəl 1,2 milyard funt həcmində ehtiyat ayırdığını bildirib və əlavə öhdəliyin qrupun ümumi fəaliyyətinə ciddi təsir göstərməyəcəyini qeyd edib. Close Brothers isə 165 milyon funt ayıraraq dividendləri ləğv edib və aktivlərinin bir hissəsini satışa çıxarıb.
Cənubi Afrikanın FirstRand şirkəti isə əlavə kompensasiya üçün ehtiyat yaratmağı nəzərdən keçirdiyini və bunun maliyyə nəticələrinə təsir edə biləcəyini açıqlayıb. Şirkətin nəticələri sentyabrın 11-də açıqlanacaq.
Sənaye nümayəndələrini təmsil edən Avtomobil Kreditləri Assosiasiyası (FLA) isə kompensasiya sxeminin ədalətli və məhdud çərçivədə tətbiq olunmadığı təqdirdə, hüquqi yolla etiraz edə biləcəyini bildirib. Assosiasiya kompensasiyanın yalnız 2021-ci ildə qadağan edilmiş “discretionary commission” modellərinə şamil olunmasını təklif edir.
FCA rəhbəri Nikhil Rathi BBC Radio 4-ə açıqlamasında bildirib ki, bəzi kredit təşkilatları qanun və açıqlama qaydalarını pozub və bu hallarda istehlakçılara kompensasiya verilməsi vacibdir.
Tənzimləyici qurum vətəndaşlara kompensasiya üçün üçüncü tərəf iddia firmalarına müraciət etməyə ehtiyac olmadığını, sistemin pulsuz şəkildə işləyəcəyini bildirib. Təxminlərə görə, kompensasiya məbləği adambaşına 950 funt sterlinqdən az olacaq.




