
Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) ilə makroiqtisadi sabitlik məsələlərini müzakirə edib.
BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı-na (AMB) istinadən məlumat yayılıb.
Bildirilib ki, AMB sədrinin birinci müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-də keçirilən Yaz Toplantıları çərçivəsində BVF-nin icraçı direktorunun müavini Bo Li ilə təşkil olunan görüşdə iştirak edib.
Görüş zamanı Əliyar Məmmədyarov Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması, dayanıqlı inkişafın dəstəklənməsi, həmçinin BVF-nin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin cari vəziyyəti barədə məlumat verib.
Eyni zamanda, Qafqaz və Mərkəzi Asiya ölkələrinin maliyyə nazirləri və mərkəzi bank sədrlərinin iştirak etdiyi görüşdə regionun üzləşdiyi iqtisadi risklər və çağırışlar, eləcə də makroiqtisadi və maliyyə sabitliyinin qorunması üçün zəruri siyasət və islahat istiqamətləri müzakirə olunub.




