
Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiyyatın yenidən inflyasiya təzyiqləri ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
BBN.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Məlumata görə, BVF ekspertləri Yaxın Şərqdə münaqişənin yenidən alovlanmasının qlobal inflyasiyanın sürətlənməsinə və təchizat zəncirlərində yeni pozuntuların yaranmasına səbəb ola biləcəyini bildiriblər.
Fond 2026-cı il üzrə qlobal inflyasiya proqnozunu 4,7%-ə yüksəldib, dünya iqtisadiyyatının artım tempinə dair proqnozunu isə 3%-ə endirib. Hesabatda qeyd olunub ki, son dövrdə müşahidə edilən dezinflyasiya tendensiyası dayanıb və yaranmış vəziyyət mərkəzi bankları faiz dərəcələrini yenidən artırmağa məcbur edə bilər.
BVF-nin hesabatında vurğulanıb ki, qlobal iqtisadiyyat üçün ən ciddi risklərdən biri Yaxın Şərqdə artan geosiyasi gərginlikdir. Fond hesab edir ki, regionda vəziyyətin pisləşməsi iqtisadi artıma mənfi təsir göstərməklə yanaşı, inflyasiya təzyiqlərinin daha da güclənməsinə səbəb ola bilər.




