

Dünyanın ən böyük ikinci iqtisadiyyatına malik Çin Xalq Respublikasında iqtisadi artım göstəriciləri açıqlanıb. 2022-ci ilin birinci rübü üzrə açıqlanan göstəricilərə əsasən, ÜDM göstəricisi ötən ilin müvafiq dövrünə nisbətdə 4.8% artıb. Ekspertlərin proqnozları artımın 4.6% səviyyəsində olacağı yönündə olub.
Qeyd edək ki, ötən rübdə 4%-lik artıma nail olan Çinin iqtisadiyyatının 2022-ci ildə ümumi iqtisadi artımının 5.5% səviyyəsində qərarlaşacağı proqnozlaşdırılıb.
Digər tərəfdən isə, ölkənin 30 əsas şəhərində işsizlik göstəricisi mart ayında 5.4% səviyyəsindən 6% səviyyəsinə yüksəlib. Bu isə, 2018-ci ilin fevral ayından bu yana qeydə alınan ən yüksək göstəricidir. Sənaye istehsalı 5% artsa da, pərakəndə satışlarda 3.5% azalma qeydə alınıb.
Çinin iqtisadi göstəricilərində volatilliyin əsas səbəbi kimi, koronavirus pandemiyasının yenidən baş qaldırması göstərilsə də, Rusiya-Ukrayna münaqişəsi nəticəsində Rusiya və Çin arasında xarici ticarət münasibətlərində dəyişikliklər də təsir edici faktorlardandır.