
Azərbaycanın sığorta bazarında texnologiyanın tətbiqi yeni imkanlar yaratmaqla yanaşı, əlavə xərclər də tələb edir. Bunu Türkiyə Sığorta və Özəl Pensiyalar Tənzimlənməsi və Nəzarəti Agentliyinin sədri Davut Menteş Bakıda keçirilən “Türk Dövlətləri InsurTech Sammiti 2025”də çıxışı zamanı deyib.
Onun sözlərinə görə, rəqəmsal transformasiya sığorta sektorunun dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir:
“Texnologiyanın inkişafı böyük potensial təqdim edir, lakin müəyyən xərc yükü də formalaşdırır. Bu reallıq nəzərə alınmalı və sığorta bazarının inkişaf strategiyasında düzgün planlaşdırılmalıdır.”
D. Menteş bildirib ki, sığorta sahəsində innovasiyaların ən böyük üstünlükləri risklərin daha dəqiq qiymətləndirilməsi və fərdiləşdirilmiş məhsulların hazırlanması ilə bağlıdır:
“Azərbaycan üçün də böyük verilənlər, müştəriyə uyğunlaşdırılmış məhsullar, təbii fəlakətlər üzrə risk modelləşdirilməsi daha effektiv olacaq. Bu yalnız sığorta şirkətlərinə deyil, bütövlükdə iqtisadiyyata töhfə verəcək.”
O əlavə edib ki, müxtəlif satış kanallarının – broker, agent və bankların fəaliyyəti sığorta bazarını daha kompleks edir:
“Bu inteqrasiya prosesində texnologiyanın tətbiqi qaçılmazdır.”







