
Dünya Bankı qarşıdakı üç ildə Azərbaycanın real ÜDM-də orta səviyyəli artım templərinin proqnozlaşdırıldığını açıqlayıb. Hesabata görə, ÜDM artım tempi 2025-ci ildə 1,9 faiz, 2026-cı ildə 1,8 faiz, 2027-ci ildə isə 1,7 faiz səviyyəsində olacaq.
Müqayisə üçün qeyd edək ki, ölkədə real ÜDM artımı 2021-ci ildə 5,6 faiz, 2022-ci ildə 4,6 faiz təşkil edib, 2023-cü ildə 1,1 faizə qədər zəifləyib, lakin 2024-cü ildə yenidən 4,1 faiz səviyyəsinə yüksəlib.
Dünya Bankının son hesabatına əsasən, özəl istehlak iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olaraq qalacaq – 2025-ci ildə 4,4%, 2026-cı ildə 4,3%, 2027-ci ildə isə 4,1% artım gözlənilir. Eyni zamanda, əsas kapitala yönəldilmiş investisiyaların cüzi azalacağı proqnozlaşdırılır (2025-ci ildə 0,3%, 2026-cı ildə 0,4%, 2027-ci ildə 0,7%).
İxracın 2025–2027-ci illərdə cüzi artım göstərəcəyi, idxalın isə tədricən artacağı bildirilir. Belə ki, ixrac 0,1–0,2%, idxal isə 2025-ci ildə 1,8%, 2026-cı ildə 1,7%, 2027-ci ildə 1,6% səviyyəsində proqnozlaşdırılır.
Hesabatda qeyd olunur ki, orta müddətli perspektivdə iqtisadi artımın tempi zəifləyəcək. 2025-ci ildə real ÜDM-in artımı 1,9 faiz proqnozlaşdırılır. Dövlət xərclərinin icrası yaxşılaşdıqca ilin ikinci yarısında qeyri-neft sektorunda kiçik bərpa artımı gözlənilir, lakin bu, karbohidrogen hasilatının azalmasını kompensasiya etməyəcək. Təbii qaz hasilatı 2025-ci ildə zirvəyə çatacaq, daha sonra isə sabitləşəcək.
Orta müddətli perspektivdə real ÜDM artımı məhdud qalacaq – orta hesabla 1,7 faiz səviyyəsində, çünki neft hasilatı azalmağa davam edəcək və karbohidrogenlərin qiymətlərinin düşməsi qeyri-neft sektoruna dəstək imkanlarını məhdudlaşdıracaq. Hesabat struktur islahatlarının sürətləndirilməsinin və qeyri-neft iqtisadiyyatında özəl sektor yönümlü artımın təşviqinin vacibliyini vurğulayır.







