
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda “Yaşıl İqtisadiyyatın Maliyyələşdirilməsi” (Green Economy Financing Facility – GEFF) proqramı çərçivəsində 100 milyon ABŞ dolları (təxminən 85,6 milyon avro) ayırmağı təsdiqləyib.
GEFF seçilmiş yerli maliyyə institutları vasitəsilə enerji səmərəliliyi, bərpa olunan enerji, resursların səmərəli istifadəsi və iqlim dayanıqlığı sahəsində həyata keçirilən özəl sektor layihələrinin maliyyələşdirilməsini nəzərdə tutan beşillik təşəbbüsdür.
EBRD-nin məlumatına görə, proqram çərçivəsində banklar, mikromaliyyə və lizinq şirkətləri üzərindən pərakəndə müştərilərə, KOB-lara və korporativ borcalanlara “yaşıl kreditlər”in verilməsi dəstəklənəcək. Tərəfdaş maliyyə institutlarına texniki yardım, institusional potensialın gücləndirilməsi və yeni maliyyə məhsullarının hazırlanması istiqamətində dəstək göstəriləcək.
GEFF həmçinin kişi və qadınların “yaşıl maliyyələşdirmə” imkanlarına bərabər çıxışı üçün xüsusi komponentlərə malikdir. Layihə COP29-dan sonra ölkədə artan “yaşıl iqtisadiyyat” marağı fonunda maliyyə sisteminin dayanıqlılığını və “yaşıl texnologiya”ların tətbiqini təşviq etməyi hədəfləyir.
Proqramın strukturuna 3 milyon ABŞ dollarına qədər texniki yardım paketi, həmçinin əldə olunan nəticələrə əsasən maliyyə vasitəçilərinə ödənişlər üçün 4 milyon dollara qədər güzəştli vəsait daxildir.
EBRD bildirir ki, 2025-ci il 30 sentyabr tarixinə bankın Azərbaycandakı cari kredit portfeli 948 milyon avro təşkil edib. Bunun 89 %-i davamlı infrastruktur, 6 %-i maliyyə sektoru, 5 %-i isə korporativ sektor üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib.







