

Son dövrlərdə Azərbaycanda fəaliyyət göstərən bir sıra media subyektləri müxtəlif kiberhücumlara məruz qalıb.
BBN.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin Kibertəhlükəsizliyin idarə edilməsi sektorunun aparıcı məsləhətçisi Sənan Vəlizadə media nümayəndələri üçün təşkil olunan kibertəhlükəsizlik mövzusunda təlim zamanı məlumat verib.
Onun sözlərinə görə, ən çox rast gəlinən kiberhücum növü fişinq hücumlarıdır. “Hazırda baş verən fişinq hücumlarının 80-90 faizi ilkin giriş mərhələsində – yəni “initial access” mərhələsində həyata keçirilir. İnsan faktoru və cüzi bir diqqətsizlik bəzən böyük media qurumlarının infrastrukturunu sıradan çıxarır”, – deyə o qeyd edib.
Sənan Vəlizadə əlavə edib ki, hücumların növbəti mərhələsində sosial media hesablarının ələ keçirilməsi halları üstünlük təşkil edir. Bu zaman saxta və yanlış məlumatların yayılması riski yaranır.
Digər mühüm təhlükə isə DDoS hücumlarıdır. Bu hücumlar media qurumlarının fəaliyyətini məqsədli şəkildə dayandırmaq üçün həyata keçirilir.
Bundan əlavə, bəzi media orqanlarında təhlükəsizlik tədbirlərinə yetərincə əməl olunmaması nəticəsində məlumat sızmaları da qeydə alınır.