
Azərbaycan təkcə regionun iqtisadi mərkəzi kimi deyil, həm də rəqəmsal transformasiyanın aparıcı gücü kimi seçilir.
BBN.az xəbər verir ki, bu barədə məlumatı Bakıda keçirilən Türk Dövlətləri InsurTech Sammiti 2025 çərçivəsində Türkiyənin Xidmət İxracatçıları Birliyinin Baş katibi Fatih Özer verib.
O bildirib ki, süni intellekt, maşın öyrənməsi, blokçeyn və bulud texnologiyaları artıq yalnız sığorta sektorunu deyil, bütövlükdə xidmət ixracını dəyişir, həm səmərəliliyi, həm də etibarlılığı artırır.
Fatih Özer vurğulayıb ki, Türk dövlətlərinin ortaq tarixi bağları, gənc və rəqəmsal bacarıqlara sahib nəsli və inkişaf edən startap mühiti Azərbaycanla birlikdə daha güclü əməkdaşlıq üçün böyük imkanlar yaradır.
O qeyd edib ki, son illərdə Azərbaycan bu əməkdaşlığın mərkəzində yer alıb. Ölkədə və regionda təşkil olunan ticarət missiyaları çərçivəsində şirkətlər arasında birbaşa əlaqələr qurulub, yeni layihələrin təməli qoyulub. InsurTech ekosistemi Türk dövlətlərinin bir-birini tamamlayan potensialı üzərində formalaşacaq və Azərbaycan bu prosesin aparıcı güclərindən biri olacaq. Yeni nəsil startaplar və innovasiya mərkəzləri Türk dünyasını rəqəmsal çağın liderlərindən birinə çevirəcək.
Fatih Özer əlavə edib ki, Bakıda qurulan hər əməkdaşlıq və irəli sürülən hər fikir yalnız sığorta sektorunu deyil, bütövlükdə regionun rəqəmsal gələcəyini formalaşdıracaq.
Report







