“FİNTEX SAMMİT 2022 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO)” öz işinə başlayıb

16 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Fintex Assosiasiyasının dəstəyi və VİSA şirkətinin qlobal tərəfdaşlığı ilə “FİNTEX SAMMİT 2022 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO): “Bank və maliyyə ekosistemində yeni trendlər: innovativ həllər, fintex və təhlükəsizlik” adlı Sammit öz işinə başlayıb.

Ətraflı məlumat üçün Sammitin saytına keçid:

https://www.gbmevents.az/az/event/fintex-sammiti-2022-maliyye-ve-texnologiyalar-sergisi

İki gün davam edəcək Sammit maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminə dair fikir və təcrübə mübadiləsi üçün platforma olmaq məqsədi daşıyır. Bu platforma yeni maliyyə və bankçılıq məhsullarının, innovativ ödəmə həllərinin, rəqəmsal valyutaların, banklar və fintexlərin əməkdaşlıq imkanlarının və belə yeni texnologiyaların geniş vüsət alması ilə paralel yarana biləcək təhlükəsizlik çağırışlarının müzakirəsinə imkan yaradan məkandır.

Sammiti giriş sözü ilə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev açıq elan edib. Daha sonra açılış nitqində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru Fərid Osmanov, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Fərid Əhmədov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, VISA şirkətinin vitse-prezidenti, Azərbaycan və Mərkəzi Asia üzrə regional meneceri Kristina Doros çıxış ediblər.

Sammit “Bankçılıq və Fintex Ekosistemi: Partnyorluq və əməkdaşlıq imkanları”, “Açıq və əlaqəli bankçılıq: Maliyyə sahəsindəki innovasiyaların gələcəyi”, “Ödənişlərin gələcəyi”, “Təhsil/xərclərin optimizasiyası istiqamətində rəqəmsallaşma”, “Azərbaycan maliyyə sektorunun təhlükəsizliyi və fırıldaqçılığın qarşısının alınması üçün nələr edilməlidir”, “Dayanıqlılıq və bankçılıq sektoru: ESG bankçılıq”, “Azərbaycanda rəqəmsal ödənişlərin inkişafının əsas mənbələri və potensialı” adlı yeddi paneldən ibarətdir.

Sammitdə Türkiyə, Amerika Birləşmiş Ştatları, Avropa Birliyi, Müstəqil Dövlətlər Birliyi, Yaxın Şərq və digər ölkələrindən 200-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.

1500 iştirakçının qatılacağı sammitdə 50-yə yaxın spikerin əlaqədar mövzularda çıxış etməsi gözlənilir.

Qeyd edək ki, bu Sammit Bakıda hər il təşkil edilən iki beynəlxalq tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir. Digər tədbir isə illik əsasda keçirilən Beynəlxalq Bankçılıq Forumudur.

Əlavə məlumat üçün:

https://www.gbmevents.az/en/events

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır