
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 2,2% artacağı proqnozlaşdırılır. Bu göstərici 2025-ci ildə qeydə alınan 1,4%-lik artımla müqayisədə daha yüksəkdir.
Bu barədə Fitch Ratings agentliyinin son proqnozunda qeyd olunub. Agentlik iqtisadi artımın əsas səbəblərindən biri kimi neft hasilatında azalma fonunda qaz hasilatının sabitləşməsini göstərir. Eyni zamanda, enerji təchizatında ciddi fasilə risklərinin aşağı olduğu vurğulanır.
Hesabata əsasən, İranda baş verən hərbi əməliyyatlar region ölkələrinin iqtisadiyyatına əsasən enerji və logistika xərclərinin artımı vasitəsilə təsir edir. Bu amil inflyasiya risklərini artıraraq xarici kəsirin genişlənməsinə səbəb ola bilər.
Agentlik bildirir ki, bu təsirlər daha çox enerji idxalından asılı olan Ermənistan və Gürcüstanda hiss olunacaq. Bununla belə, region ölkələrinin yüksək valyuta ehtiyatları və məhdud məzənnə təzyiqləri qısamüddətli riskləri müəyyən qədər azaldır.
“Fitch Ratings”in qiymətləndirməsinə görə, qlobal enerji qiymətlərinin yüksəlməsi inflyasiyanı sürətləndirə bilər. Lakin regionda müşahidə olunan müsbət real faiz dərəcələri mərkəzi banklara əlavə manevr imkanları yaradır.




