Home » Heydər Əliyev və “Əsrin müqaviləsi”

Heydər Əliyev və “Əsrin müqaviləsi”

by ulviyya
0 rəy 13 baxış 17 dəqiqə oxuma
“Heydər Əliyev həm də məharətli taktika ustası və mükəmməl bir strateq idi.”    
                                                                                         
Daniel Yergin

Azərbaycanın əldə etdiyi uğurların, nailiyyətlərin bünövrəsində, təbii ki, ciddi iqtisadi irəliləyiş və onun nəticəsi olan güclü iqtisadiyyat durur. Bu iqtisadi inkişafın həlledici məqamlarından biri ölkəmizin həyata keçirdiyi uğurlu enerji siyasətidir. Məhz bu uğurlu enerji siyasətinin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Gələcəyə hesablanmış bu uğurlu neft strategiyasının da təntənəsi şübhəsiz ki, “Əsrin müqaviləsi”dir.

BBN.az “Əsrin müqaviləsi”nin ildönümü və 20 sentyabr – Neftçilər Günü ilə əlaqədar bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin məqaləsini təqdim edir.

Xəzər hövzəsinin dünyanın ən nəhəng neft və qaz sənayesi mərkəzlərindən biri kimi yenidən yüksəlişi 1994-cü ildə, yəni Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən cəmi üç il sonra, bir mühüm geoiqtisadi və strateji əhəmiyyət kəsb edən müqavilənin imzalanması ilə başlamışdır.

Bu, ölkənin Xəzərdəki nəhəng neft və qaz ehtiyatlarının işlənməsinə investisiya qoymağa dəvət edilmiş iri xarici neft şirkətləri ilə Azərbaycanın bağladığı ilk saziş idi. Azəri-Çıraq-Günəşli (AÇG) yatağının birgə işlənməsi üçün imzalanmış həmin müqaviləyə sonradan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev “Əsrin müqaviləsi” adını verdi. Bu müqavilənin həm Azərbaycan, həm də dünya üçün əhəmiyyətini bundan daha yaxşı ifadə etmək mümkün deyildi. Bu adla həm də Azərbaycanın yeni müstəqillik tarixinin və neft-qaz sənayesinin dirçəlişi üçün uzun yolun başlandığı ifadə olunurdu.

“Əsrin müqaviləsi” ilə Azərbaycanın neft-qaz tarixinin və enerji siyasətinin yeni mərhələsinin əsası qoyuldu və sonrakı illərdə müxtəlif yataqlar üzrə yeni beynəlxalq sazişlərin imzalanması üçün yol açıldı.

“Əsrin müqaviləsi” ölkəmizin neft-qaz sektoruna müasir standartların gətirilməsi, uğurlu praktikaların tətbiqi, yeni nəsil neft-qaz mütəxəssislərinin formalaşması və beləliklə də Azərbaycanın dünyanın müasir enerji mərkəzlərindən birinə çevrilməsinə səbəb oldu.

“Əsrin müqaviləsi” bütövlükdə Azərbaycanın beynəlxalq birliyə inteqrasiyası və müasir dövrdə dünya dövlətləri sırasında öz layiqli yerini tutmasında mühüm rol oynadı. Bu, ölkəmizin ilk müstəqil enerji müqaviləsi idi və Azərbaycan onun sayəsində yenidən dünyanın əsas enerji təchizatçılarından birinə çevriləcəyinə inanaraq onu imzalamışdı. Amma imzalanmış müqavilənin nəticəsi gözlənildiyindən də möhtəşəm oldu. Bu müqavilə Azərbaycanın enerji strategiyasının əsasını qoydu və ölkənin ən yeni tarixində bir dönüş nöqtəsinə çevrildi.

“Əsrin müqaviləsi”nin taleyinə sonradan digərlərinin də uğurla gedə biləcəyi bir yol açmaq yazılmışdı. Azərbaycan bütün keçmiş Sovet İttifaqı respublikaları arasında regiondakı qonşuları ilə yaxşı münasibətlərini qoruyub saxlamaqla yanaşı, öz enerji sektorunda geniş beynəlxalq iştirakı təmin edən ilk ölkə oldu.

Bu müqavilə həmin dövrdə xeyli riskli hesab edilən bir şəraitdə bp kimi beynəlxalq neft şirkətlərinin neft və qaz ehtiyatlarının işlənməsi üçün əminliklə iri sərmayələr yatırmasına imkan verən hüquqi sənəd nümunəsinə çevrildi.

İqtisadiyyat, idarəetmə konsepsiyaları, proseslər, texnologiya və infrastruktur dəyişikliyə ehtiyac duyurdu. Eyni zamanda, yeni biznes mühitinin yaradılması zərurəti var idi. Bu baxımdan, Azərbaycan mühüm əhəmiyyət kəsb edən dəyişiklikləri həyata keçirmək üçün strateji hədəfləri müəyyənləşdirdi və qısa müddət içərisində xarici tərəfdaşların iri həcmli investisiyalara başlaması üçün zəruri olan etimadı təmin etdi. Həmçinin, bu investisiyalar ölkədə güclü və dayanıqlı iqtisadiyyatın qurulmasına dəstək verərək bu cür layihələrin həyata keçirilməsinə imkan yaradacaqdı. Bütün bunları nəzərə alaraq ölkə xarici investorların Azərbaycanda mənfəətli və dayanıqlı biznes qurması üçün əlverişli mühit yaratmaq əzmində olduğunu qətiyyətlə bəyan etdi.

Həmin dövrdə Azərbaycanın gələcəyi üçün dövlətin strateji hədəfləri, qurduğu planlar çoxşaxəli idi. Bu planlar ölkənin əlverişli, şəffaf və ardıcıl tətbiq olunan biznes, hüquq və vergi mühiti qurmaq, keçmiş uğurlu təcrübəyə əsaslanan və biznes sahəsinə bacarıqlı insanları yönəldən təhsil sistemi yaratmaq, dürüstlüyü və keyfiyyətli iş icrasını dəyərləndirən hökumət və biznes mədəniyyəti formalaşdırmaq məqsədilə qətiyyətli addımlar atmaq niyyətini əhatə edirdi.

Bütün bunlar yalnız xarici investisiyaları cəlb etməklə və onun rentabelliyi və dayanıqlığı üçün güclü təməl yaratmaqla kifayətlənməyib, həm də yerli biznesin inkişafına təkan verəcəkdi.

Bu günün zirvəsindən geriyə baxdıqda görərik ki, “Əsrin müqavilə”sinin imzalanması və uğurlu icrasının, eləcə də enerji layihələrimizin müvəffəqiyyətlə reallaşmasına imkan verən möhkəm təməllərin kökündə Ümummilli Lider Heydər Əliyev tərəfindən bir sıra ardıcıl strateji qərarların zamanında verilməsi durur.

Xarici neft şirkətləri ilə danışıqlar yenidən başlandı

1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin ilk növbədə verdiyi qərarlardan biri məhz, o dövrə qədər xarici neft şirkətləri ilə aparılmış danışıqların ləğv edilməsi oldu. Bundan sonra enerji müqavilələri ətrafında danışıqlara yenidən baxıldı. Yenidən xarici şirkətlər dəvət olundu və danışıqlar bərpa olundu.

Bu qərarın əhəmiyyətini və ölkənin gələcək inkişafını şərtləndirəcək bir müqavilənin hazırlanması üçün vacibliyini həmin dövrdə baş verən prosesləri işıqlandıran müəlliflərin əksəriyyəti etiraf edir.

Neft və qaz sənayesi tarixi ilə bağlı bütün dövrlərin bestselleri “Qənimət”in (The PRİZE) müəllifi Daniel Yergin “Enerji axtarışında: Enerji, təhlükəsizlik və müasir dünya nizamı“ (The QUEST: Energy, Security, and the Remaking of the Modern World) kitabında o dövrü belə təsvir edir: “Bakıda siyasi mübarizənin daha da kəskinləşdiyi bir vaxtda və ölkə vətəndaş müharibəsi astanasında olanda o, paytaxta qayıtdı və 1993-cü ildə baş verən üsyan cəhdləri fonunda prezident səlahiyyətlərini həyata keçirməyə başladı. Yetmiş yaşında Əliyev yenidən hakimiyyətə gəldi. O, özü ilə sabitlik gətirdi. O, işə böyük məharət də gətirdi.”

bp şirkətinn 1995-2007-ci illərdə Baş İcraçı Direktoru olmuş və şirkət adından “Əsrin müqavilə”sini imzalayan Lord Con Braun (John Browne) təqaüdə çıxdıqdan sonra yazdığı “Biznesdən daha artıq” (“Beyond Business”) kitabında həmin qərarı necə qarşıladığını belə xatırlayır: “Müqaviləni ləğv edəndə o, cəmi beş gün idi ki hakimiyyətə gəlmişdi. Hər bir neft şirkəti indi artıq yeni bir anlaşma üçün müzakirələr aparmalı idi. Azərbaycana investisiya qoyuluşu ilə bağlı risklər aydın şəkildə məlum idi. Lakin, uğurlu olduğu təqdirdə, onun gətirəcəyi qazancın miqyası da danılmaz idi ki, bu da məni bu istiqamətdə daha məqsədyönlü olmağa sövq edirdi.”

Təbii ki, SSRİ-nin yüksək siyasi rəhbərliyində təmsil olunmuş və sonradan müstəqil Azərbaycana rəhbərlik edən bir siyasi liderin belə qərarı xarici sərmayəçilər arasında müəyyən narahatlıq və hətta şübhələr də yaratmışdı. Ancaq çox keçmədi ki, bütün bu narahatlıqların əsassız olduğu hamı üçün aydınlaşdı.

Danışıqlar prosesində Ümummilli lider Heydər Əliyevlə ilkin təmaslardan sonra Lord Con Braun ilkin ehtimalların doğru olmadığı qənaətinə gəlir: “Əliyevin Moskvadakı keçmiş həmkarlarına üz tutacağı ilə bağlı ilkin qorxuların əsassız olduğu ortaya çıxdı. Görünür o, Azərbaycanın siyasi və iqtisadi üstünlüyü üçün əsas Qərb ölkələrindən istifadə etmək qərarına gəlmişdi. Neft isə böyük bir rıçaq idi.”

Daniel Yergin isə ilkin narahatlıqların əsassız olduğu və Ümummilli liderin müstəqil siyasət yürütdüyünu belə xarakterizə edir: “O həm də rusları və Moskva mentalitetini hamıdan yaxşı tanıyırdı və ruslarla necə davranacağını və öz yolu ilə nə qədər təhlükəsiz irəliləyə biləcəyini aydın başa düşürdü.”

Konsorsium yaradılması ideyası Ulu Öndərə məxsus idi

Həmin ana qədər əslində Azəri-Çıraq-Günəşli yataqları üzrə üç ayrı müqavilə ətrafında danışıqlar gedirdi və məhz konsorsium yaradılması ideyası Ulu Öndərə məxsus idi. Azəri, Çıraq və Dərinsulu Günəşli yataqlarının üçü bir müqavilədə ortaya gətirildi. “Əsrin müqaviləsi” 7 ölkəni təmsil edən 11 şirkət arasında imzalandı. Bu baxımdan, yenə də biz yaxın tariximizə nəzər salsaq, görərik ki, həmin dövrdə, XX əsrin 90-cı illərində imzalanan ilk beynəlxalq neft-qaz müqavilələri məhz bu tipli iri və nüfuzlu konsorsiumlarla imzalanan müqavilələr idi. Məqsəd fərqli dövlətləri, fərqli güc mərkəzlərini təmsil edən şirkətlərin Azərbaycana investisiya qoymasını təmin etmək və nəticədə, həmin dövlətlərin ölkəmizə maraqlarını yaratmaq və artırmaq idi. Sonrakı dövrlərdə imzalanan neft-qaz müqavilələrinə diqqət yetirsək, görərik ki, o müqavilələr artıq konsorsiumlarla deyil, ayrı-ayrı şirkətlərlə imzalanmışdır. Ancaq Azəri-Çıraq-Günəşli, Şahdəniz və ilkin dövrlərdə imzalanan digər müqavilələrdə məhz nüfuzlu konsorsiumlara üstünlük verilməsi də uzaqgörən siyasətin bir nümunəsi idi.

“Əsrin müqaviləsi” postsovet ölkələrinin xarici neft şirkətləri ilə imzaladığı ilk beynəlxalq sazişdir

Həmin dövrdə belə mühüm müqavilələrin həyata keçirilməsi üçün danışıqlar aparılması təcrübəsi ölkəmizdə yox idi. Kifayət qədər mürəkkəb və çətin bir dövr idi. Həmçinin, bu sahədə nüfuzlu və kifayət qədər təcrübəyə malik tanınmış şirkətlər ilə danışıqlar aparmağın özü də bir müdriklik və ciddi siyasi iradə tələb edirdi. Eyni zamanda unutmayaq ki, həmin dövrdə sonradan “Əsrin müqaviləsi” adlandırılacaq həmin müqavilənin imzalanması ətrafında şimaldan, cənubdan və digər Xəzər hövzəsi ölkələrindən hələ də Xəzərin Azərbaycan sektoru ilə bağlı iddialar qalmaqda idi. Hələ də, Azəri-Çıraq-Günəşli yataqlarının kimin yuridiksiyasına aid olması ilə bağlı qonşu dövlətlərin müxtəlif sualları var idi. Bu sahə ilə bağlı hələ də həll olunmamış problemlər mövcud idi. Məhz ciddi siyasi iradəsi olan rəhbərin ardıcıl və gələcəyə hesablanmış siyasəti nəticəsində həmin müqavilələr imzalandı və Xəzərin hüquqi statusu ilə bağlı bir sıra qeyri-müəyyənliklərə baxmayaraq xarici şirkətləri Azərbaycana dəvət etmək və ölkəmizə iri həcmli investisiyalar yatırmağa sövq etmək mümkün oldu. Onu da qeyd edək ki, postsovet ölkələri içərisində xarici neft şirkətləri ilə beynəlxalq müqavilə imzalayan ilk dövlət məhz Azərbaycan olmuşdur. Bu baxımdan, “Əsrin müqaviləsi” postsovet ölkələrinin xarici neft şirkətləri ilə imzaladığı ilk beynəlxalq sazişdir.

Təbii ki, o illərdə ölkədə və regionda baş verən siyasi prosesləri nəzərə almaqla ölkəyə böyük miqyaslı investisyanı cəlb etmək üçün xarici neft-qaz şirkətlərinə müəyyən təminatlar vermək lazım idi. Bu istiqamətdə Azərbaycan həmin dövr üçün innovativ hesab oluna biləcək bir yanaşma tətbiq etdi. Xarici neft-qaz şirkətləri ilə imzalanan hasilatın pay bölgüsü haqqında saziş – “Əsrin müqaviləsi” Azərbaycan Parlamentində ratifikasiya olundu və həmin sazişə qanun qüvvəsi verildi. Qeyd etmək lazımdır ki, sazişdə yer alan müddəaların konstitusiya istisna olmaqla Azərbaycan qanunvericiliyinin hər hansı digər müddəası ilə ziddiyyət təşkil etdiyi təqdirdə, sazişin müddəalarına üstünlük hüququ verildi. Bu kifayət qədər yeni və innovativ hüquqi yanaşma idi. Məhz bu cür təminatın verilməsi ilə, həmin beynəlxalq şirkətlərin iri həcmli investisiyalarını ölkəmizə gətirmək mümkün oldu.

Eyni zamanda, sazişin müddəalarına görə, Azəri-Çıraq-Günəşli yataqlarından neftlə birgə hasil edilən səmt qazı təmənnasız olaraq Azərbaycana verildi. Müqayisə üçün deyək ki, hazırda Şahdəniz yatağı üzrə toplam qaz hasilatımız təxminən 200 milyard kub metrdir. “Əsrin müqaviləsi” üzrə bu günə qədər dövlətə təmənnasız verilən səmt qazının həcmi isə təxminən 55 milyard kubmetrdir. Başqa sözlə, “Əsrin müqaviləsi”ndən dövlətə təmənnasız olaraq Şahdəniz yatağının ümumi qaz hasilatının 27.5%-i qədər qaz həcmləri təhvil verilib. Bu qədər səmt qazı məhz “Əsrin müqaviləsi”ndə yer almış həmin müddəa əsasında Azərbaycan dövlətinə təhvilverilmişdir. Bütün bunlar zamanında atılmış, həmçinin gələcəyə hesablanmış, uzaqgörən və strateji bir addımdır. Hazırda, “Əsrin müqaviləsi” üzrə toplam 4 milyard bareldən artıq neft hasil edilmiş və Azərbaycan Respublikası Dövlət Neft Fonduna bu illər ərzində (1 iyul 2023-cü il tarixinə) 169.4 milyard ABŞ dolları vəsait daxil olmuşdur. Bu rəqəmlərin, mənfəət neftindən əldə olunan gəlirlərin Azərbaycanın iqtisadiyyatı, sosial inkişafı, hərbi sənaye kompleksi, təhsili, ümumiyyətlə hər bir sahə üçün nə dərəcədə əhəmiyyətli olduğunu deməyə ehtiyac yoxdur.

İlkin ixrac kəmərləri

“Əsrin müqaviləsi” imzalandıqdan sonra əsas hədəflərdən, və eyni zamanda, çətinliklərdən biri də məhz neft ehtiyatlarımızın dünya bazarlarına çıxarılması idi. Məlumdur ki, Azərbaycan dünya okeanlarına birbaşa çıxışı olmayan bir ölkədir. Bununla yanaşı, müqavilə imzalanana qədər Xəzər hövzəsini dünya bazarları ilə əlaqələndirən hər hansı boru kəmərləri şəbəkəsi də mövcud deyildi.

Təbii ki, heç bir xarici dövlət və ya şirkət Azərbaycan neftini birbaşa Azərbaycanda almaq niyyətində deyildi. Heç bu gün də belə bir praktika mövcud deyil. Bu səbəbdən Azərbaycan neftini və qazını dünya bazarına ixrac etmək üçün, neft-qaz ehtiyyatlarının monetizasiyası üçün biz ixrac marşrutları ətrafında fikirləşməli idik. Həmin dövrdə ilkin ixrac marşrutu seçimində dilemma var idi: Şimal ixrac marşrutu – Bakı-Novorossiysk kəməri, yaxud Qərb ixrac marşrutu – Bakı-Supsa kəməri. Uzun müzakirələrdən sonra Azərbaycan hökuməti çox mühüm bir qərar qəbul edərək ixrac istiqamətlərindən birini deyil, əksinə hər iki istiqaməti seçdi. Məqsəd heç kimi qıcıqlandırmayaraq öz siyasətimizi ardıcıl şəkildə həyata keçirmək idi.

İlk olaraq Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin Qara dənizə ixracı həyata keçirildi. Daha sonra Bakı-Supsa boru kəmərindən istifadəyə başlanıldı. Bir müddət sonra Şimali Qafqazda baş verən proseslər və hərbi əməliyyatlar nəticəsində Bakı-Novorossiysk marşrutu ilə neftin ixrac edilməsi artıq mümkün deyildi. Həmin dövrdə Qərb ixrac marşrutunu da saxladığımıza görə, alternativ olaraq Bakı-Supsa kəməri ilə neft ehtiyatlarımızı dünya bazarlarına çıxara bildik. Bu baxımdan, ilkin neftin ixracı üçün ancaq Qərb və ya Şimal marşrutu deyil, hər ikisini seçməyimiz bizə həmin məqamda ciddi alternativ üstünlük verdi. Nəticədə, Azərbaycan neftinin ixracını fasiləsiz şəkildə davam etdirmək mümkün oldu.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri

Bundan sonra növbəti vacib qərar, irihəcmli hasilata başladıqdan sonra əsas ixrac boru kəmərinin inşası idi. Çünki, nə Bakı-Supsa, nə də Bakı- Novorossiysk boru kəmərləri növbəti mərhələlərdə, tam həcmli hasilata başladığımız dövrdə neft ehtiyatlarımızı dünya bazarına çıxarmaq üçün kifayət deyildi. Daha böyük həcmli, həmçinin təhlükəsiz bir boru kəmərinə ehtiyac duyulurdu.

Həmin dövrdə əsas ixrac boru kəməri üçün fərqli marşrutlar müzakirə olunurdu. Məsələn, Azərbaycanın neft-qaz ehtiyatlarını Rusiya ərazisindən Avropaya ixrac etmək, İran ərazisindən İran körfəzinə çıxmaq, Gürcüstan ərazisindən Qara dənizə çıxmaq, Gürcüstan üzərindən Türkiyəyə çıxmaq və s. Ümummilli lider Heydər Əliyev mövcud seçimlər arasında Azərbaycan-Gürcüstan-Türkiyə ixrac marşrutuna üstünlük verdi. Bu gün bizim Bakı-Tbilisi-Ceyhan kimi tanıdığımız həmin boru kəmərinin ideya müəllifi, həyata keçirilməsinə nail olan şəxs məhz Ümummilli lider olmuşdu.

Eyni zamanda, Bakı-Tbilisi-Ceyhan boru kəməri həmin dövr üçün zəruri, ancaq çox çətin hesab edilən və hətta bir mühəndislik möcüzəsi hesab edilən ixrac marşrutu idi. Çünki 1768 kilometr məsafəyə uzanan boru kəməri dağlardan, çaylardan keçərək coğrafi baxımdan çox mürəkkəb marşrut üzərindən salındı. Həmçinin, bu ixrac marşrutu kifayət qədər mürəkkəb mühəndislik işləri tələb edən ciddi və vacib bir layihə idi. Hətta investorlar bu qədər mürəkkəb layihəyə ciddi investisiya qoymağa bir qədər tərəddüd edirdilər. Amma məhz Ulu öndərin siyasi iradəsi, qətiyyəti və eyni zamanda Gürcüstan və Türkiyə hökumətləri ilə bütün məsələləri kompromis qaydasında danışıqlarla həll etməsi investorlar üçün də başqa çıxış yolu qoymadı.

Lord Con Braun sonralar bu qərarla baglı öz kitabında yazacaqdı: “Azərbaycan Prezidenti Heydər Əliyev qərara gəldi ki, bu marşrut milli prioritetdir, çünki o, Azərbaycanın Türkiyə və Qərblə strateji əlaqələrini gücləndirəcək.”

Çox maraqlı məqamlardan biri də bu ixrac boru kəmərinin niyə məhz Bakı-Tbilisi-Ceyhan adlandırılmasıdır. İlkin olaraq belə təəssürat yaranırdı ki, boru kəməri Bakıda başlayıb, Tbilisidən keçib, Ceyhanda başa çatır. Əslində bu belə deyil. Çünki, boru kəməri Bakıdan bir qədər kənarda Səngəçal qəsəbəsində başlayır, Tbilisidən ümumiyyətlə keçmir, Ceyhana isə çatmır, Ceyhan yaxınlığında Yumurtalıq qəsəbəsində bitir.

Bəs niyə məhz Bakı-Tbilisi-Ceyhan? Məqsəd yaranmaqda olan və gələcəkdə çox geniş şəkildə istifadə olunacaq yeni nəqliyyat dəhlizinin – Azərbaycan, Gürcüstan, Türkiyə dəhlizinin dünyaya elan olunması idi. Eyni zamanda, bu dəhlizin dünyada tanınması üçün təbii ki, Bakı-Tbilisi-Ceyhan adından daha uğurlu ad ola bilməzdi. 1992-1999-cu illərdə Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsində çalışmış Vəfa Quluzadənin sonralar müsahibələrindən birində qeyd etdiyi kimi, boru kəmərinin adının razılaşdırılması ABŞ prezidenti Bill Klintonla Ümummilli lider Heydər Əliyev arasında telefon danışığı əsasında yekunlaşmışdır. ABŞ prezidenti bu ixrac boru kəmərinin istiqaməti ilə bağlı, onun necə adlandırılması ilə bağlı Azərbaycan Prezidentinə zəng etmiş və məsləhətləşmələr aparmış, bununla da dolayısı ilə layihəyə öz dəstəyini vermişdir.

Ümummili liderin mövcud geosiyasi vəziyyəti vaxtında incəliklə dəyərləndirərək apardığı düzgün xarici siyasət Azərbaycanın dünyanın həm siyasi, həm də enerji xəritəsində öz layiqli yerini tutmasını, həmçinin ölkəmizin enerji siyasətinin obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılmasını təmin etmişdir.

Neft-qaz sazişlərinin uğurlu icrasının ölkə iqtisadiyyatına töhfələri

Qeyd etmək lazımdır ki, qlobal xarakterli və mühüm əhəmiyyət kəsb edən sazişlərin imzalanması, enerji siyasətinin həyata keçirilməsi sadəcə makro iqtisadi göstəricilərlə ölçülmür. Bu illər ərzində neft-qaz sazişlərinin uğurlu icrası nəticəsində ölkəyə çox ciddi beynəlxalq təcrübə gətirildi. Buraya yeni dövrün tələblərinə uyğun neft-qaz hasilatı, əməyin mühafizəsi, əmək şəraiti, maliyyə standartları və s. daxidir.

Ötən 29 il ərzində xarici investorların regionda gördükləri işlərin xronologiyasına nəzər salsaq, Xəzər hövzəsindəki təhlükəsiz, mürəkkəb və səmərəli əməliyyatlara əsaslanan çoxsaylı unikal və əlamətdar hadisələrlə dolu geniş fəaliyyətin xəritəsini görərik. Bu çoxşaxəli fəaliyyətlər həm ölkəyə, həm də onun biznes tərəfdaşlarına möhtəşəm uğurlar gətirmişdir.

Bu baxımdan, “Əsrin müqaviləsi” imzalanandan indiyə kimi bu müqavilə üzrə fəaliyyətlər təkcə ölkənin deyil, həm də bütün regionun inkişafına öz təsirini göstərdi.

Bu müqavilə:

∙ dünyanın əsasən bütün iri neft və qaz şirkətlərinin iştirakı ilə bağlanmış 30-dan çox digər hasilatın pay bölgüsü sazişinin imzalanmasına yol açdı;

∙ güclü və davamlı şəkildə artan iqtisadiyyatın yaranmasına töhfə verdi;

∙ Azərbaycan dövləti üçün bu iqtisadi artımı dəstəkləyən yeni əhəmiyyətli gəlir mənbəyi təmin etdi;

∙ ölkənin beynəlxalq aləmlə qurduğu yeni ticarət əlaqələrinə əhəmiyyətli töhfə verdi;

∙ dünya səviyyəli dəniz karbohidrogen hasilatı sektorunu yenidən dirçəltdi və quruda da etibarlı, təhlükəsiz və ətraf mühitə təsiri minimum olan neft ixrac sisteminin – Xəzər neftini birbaşa dünya bazarlarına nəql edən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin yaradılmasına imkan verdi;

∙ Xəzərin sahillərində dünyanın ən müasir neft və qaz emalı obyektlərindən birini yaratdı;

∙ nəhəng Şahdəniz qaz-kondensat yatağının işlənməsi layihəsinin uğurla həyata keçirilməsinə investorlarda inam yaratdı ki, bunun nəticəsində Xəzərin tarixində ilk dəfə olaraq Azərbaycan qazı Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya ərazilərindən keçərək İtaliyaya qədər uzanan nəhəng qaz dəyər zənciri vasitəsilə birbaşa Avropa bazarlarına nəql edildi;

∙ dünya səviyyəli istehsal, təlim və təhsil obyektlərinin yaradılmasına imkan verdi və ümumilikdə ölkədə peşə və bacarıq bazasını gücləndirdi;

∙ rəqabət qabiliyyətli yerli təchizat zəncirinin formalaşmasını stimullaşdırdı;

∙ yüksək təhsilli yerli mühəndislərin və dünya səviyyəli digər peşəkar kadrların yetişməsinə imkan yaratdı;

∙ yerli tikinti sektorunda on minlərlə iş yeri yaratdı;

∙ bacarıqların inkişafı, infrastruktur, təhsil və gəlirli biznes imkanları yaratmaqla yüzlərlə kənd icmasının davamlı inkişafına dəstək verdi.

Qeyd etmək lazımdır ki, əldə edilmiş uğurların miqyası olduqca böyükdür. Bütün bunların əsasında bütün tərəflərin əvvəldən sazişin tələblərinə və standartlarına tam uyğun şəkildə işləmək öhdəliyi və onların bu qlobal layihələrin gerçəkləşməsinə və imzalandıqdan sonra ölkənin qanunu kimi qüvvəyə minmiş hasilatın pay bölgüsü sazişlərinin həyata keçirilməsinə verdiyi töhfələr durur.

Şübhəsiz ki, bütün bu nailiyyətlərin əsasında Prezident İlham Əliyevin və Azərbaycan hökumətinin böyük dəstəyi və fəaliyyəti durur. Dövlət başçısının neft-qaz sahəsində yürütdüyü müdrik və uzaqgörən siyasətinin və Azərbaycan xalqının dəyişikliklərə, transformasiyaya, o cümlədən inkişafa məmnuniyyətlə qoşulmaq niyyətinin bəhrəsidir.

Etiraf etmək lazımdır ki, xarici və yerli biznes üçün sağlam və əlverişli mühit yaratmaq məqsədilə hökumətin həyata keçirdiyi islahatlar və atdığı digər mühüm addımlar olmadan bunların heç birinə nail olmaq mümkün olmazdı. Həmçinin hökumət, müvafiq nazirliklər, SOCAR, xarici neft şirkətləri və onların podratçıları arasındakı sıx əməkdaşlığın da əhəmiyyəti böyük olmuşdur. Nəticədə, bu illər ərzində Azərbaycan dünyanın aparıcı neft və qaz hasil edən ölkələrindən biri kimi dinamik inkişaf yolundadır.

Bununla yanaşı, sənayenin genişlənməsi ölkəni regional mərkəzə çevirdi, bununla da əlaqədar bizneslərin formalaşması, həmçinin iş yerlərinin açılması, tərəfdaşlıq əlaqələrinin qurulması, dünya bazarları ilə əlaqələrin genişləndirilməsi, müasir texnologiyaların, o cümlədən dünya təcrübəsinin öyrənilməsi, əhəmiyyətli gəlirlər gətirən irimiqyaslı neft və qaz layihələri üçün dinamik xidmət sektorunun inkişafı baxımından artan imkanlar yaratdı.

Bütün bunlar ölkəyə imkan verdi ki, davamlı olaraq iqtisadiyyatın şaxələnməsinə xüsusi diqqət ayırsın. Neftdən əldə edilən irihəcmli gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilmiş, beləliklə də, qeyri-neft sektorunun ölkənin sürətli iqtisadi artımının dayanıqlığını təmin edəcək səviyyədə inkişaf etdirilməsi istiqamətində böyük işlər görülmüşdür.

Qeyd etmək lazımdır ki, bu gün Azəri-Çıraq-Günəşli layihəsi üzrə Xəzərdə fəaliyyət göstərən 7 platformada, eləcə də, Səngəçal terminalında dünyanın ən son texnoloji nailiyyətləri mövcuddur. Həmçinin, dünyada neft-qaz sahəsində mövcud olan ən son texnologiyalardan bu gün ölkəmizdə, Xəzər hövzəsində istifadə edilir.

Bununla yanaşı, “Əsrin müqaviləsi”nin əhəmiyyətli məqamlarından biri də həmin texnologiyaların, təcrübələrin ölkəmizə gətirilməsi ilə yanaşı, milli kadr potensialının yetişdirilməsidir. Azəri Mərkəz Şərqi (ACE) platformasında Azərbaycanda ilk dəfə (eləcə də bp-nin təcrübəsində ilk dəfə olaraq) tətbiq olunan bir texnologiyadan istifadə olunmuşdur. Bu platforma məsafədən, Səngəçal terminalından idarə olunacaq. Nəticədə, dənizdə hasilat şəraitdən asılı olmadan fasiləsiz davam edə biləcək. Onu da qeyd etmək lazımdır ki, bu, dünyanın çox az ölkələsində mövcud olan texnologiyadır və həmin texnologiyanın ölkəmizə gətirilməsi, idarə olunması Azərbaycan mühəndisləri tərəfindən həyata keçirilir. Bu müasir platforma bütövlükdə Azərbaycanda inşa edilmişdir və onun tikintisində çalışan mühəndis-işçi heyətinin 92%-i Azərbaycan vətəndaşlarıdır. Nəticədə, “Əsrin müqaviləsi”nin uğurlu icrası nəticəsində biz artıq belə geniş miqyaslı və mürəkkəb layihələr həyata keçirə bilən bir ölkəyə çevrilmişik.

Ümummilli Liderin “Geniş dünyagörüşlü və nəhəng şəxsiyyət olduğu üçün heç vaxt onunla əks tərəfdə olmaq istəmədiyini” yazan Lord Con Braun onun şəxsi keyfiyyətləri barədə öz kitabında bunları vurğulayır: “Güclü təəssürat yaratmağı, necə dayanmağı, harada olmağı, nə deməyi və nəyə müdaxilə etməməyi yaxşı bilirdi. O, qeyri-adi istedada malik bir siyasətçi idi.” Daniel Yergin isə Ümummilli Liderin böyük siyasətçi olduğunu vurğulayaraq öz kitabında belə qeyd edirdi: “O, həm də məharətli taktika ustası və mükəmməl bir strateq idi. O, Azərbaycanın neft potensialından ölkəni əsl dövlətə çevirmək üçün istifadə edəcək, onun bütövlüyünü dəstəkləmək üçün əsas dövlətləri cəlb edəcək və bu prosesdə öz üstünlüyünü və nəzarətini təmin edəcək.”

Ulu Öndərin banisi olduğu enerji siyasətinin bu gün də uğurlu şəkildə davam etdirilməsi, neft-qaz siyasətinin müasir geosiyasi və geoiqtisadi şəraitə uyğun olaraq reallaşdırılması çox mühüm əhəmiyyət kəsb edir. Bu gün dünyanın enerji böhranı yaşadığı bir dövrdə Azərbaycana yeni enerji mənbələrindən biri kimi müraciət edilir, və hazırda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolu getdikcə artmaqdadır.

İmzalanan sazişlər, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından Azərbaycana verilən önəm, ölkəmizin nüfuzunun daha da artması, dünyanın həm enerji, həm siyasi xəritəsində Azərbaycanın yerinin parlaq şəkildə bərqərar olması zamanında məhz Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan enerji diplomatiyasının bu gün də dinamik şəkildə və uğurla davam etdirilməsinin nəticəsidir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.