
Asiya sessiyasında neft qiymətləri ötən gün qeydə alınan kəskin artımın ardınca mövqeyini qoruyub. ABŞ və İranın qarşılıqlı təzminat tələbləri və Hörmüz boğazının açılması ilə bağlı danışıqların dalana dirənməsi bazarlarda narahatlığı gücləndirib.
Vaşinqton boğazın açıq qaldığını iddia etsə də, Tehran kanalın mina və dronlarla bağlandığını bildirib. Bunun fonunda Brent markalı neft 0.2% artaraq bir barel üçün 87.92 dollara, WTI nefti isə 0.27% bahalaşaraq 82.35 dollara yüksəlib. Əvvəlki sessiyada hər iki fyuçers qarşılıqlı hücumlar və təzminat tələbləri səbəbindən 5%-dən çox bahalaşmışdı.
Vəziyyəti daha da gərginləşdirən amillərdən biri də Yəməndəki husilərin Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə məxsus Cizan neft emalı zavoduna hücum etməsi olub. Qlobal neft tədarükünün təxminən beşdə birinin keçdiyi Hormüz boğazı ətrafındakı qeyri-müəyyənliklər və husilərin Qırmızı dənizdəki təhdidləri enerji bazarlarında risk premiyalarını yüksək səviyyədə saxlamaqdadır.





