
Beynəlxalq Valyuta Fondu (IMF) 2025-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar balansının (CƏB) profisitinin ÜDM-in 4,3 %-i səviyyəsində olacağını proqnozlaşdırır.
Bu barədə Fondun oktyabr ayı icmalında qeyd olunub. Proqnozlara əsasən, 2026-cı ildə bu göstərici ÜDM-in 2,3 %-nə qədər azalacaq, 2030-cu ildə isə 0,8 % səviyyəsində defisit gözlənilir. 2025-ci il üzrə proqnoz əvvəlki aprel gözləntiləri ilə müqayisədə 3,5 faiz bəndi, 2026-cı il üzrə isə 1,8 faiz bəndi azaldılıb.
Cənubi Qafqaz ölkələri arasında yalnız Azərbaycanda CƏB-in profisitlə olacağı proqnozlaşdırılır. Ermənistan üçün bu göstəricinin 2025 və 2026-cı illərdə ÜDM-in 4,7 %-i, 2030-cu ildə isə 4,3 %-i səviyyəsində, Gürcüstanda isə müvafiq olaraq 4,5 %, 4,6 % və 4,9 % səviyyəsində kəsir təşkil edəcəyi bildirilir.
Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2025-ci ilin birinci yarısında cari əməliyyatlar balansının profisiti ÜDM-in 6,3 %-ni təşkil edib. Eyni dövrdə tədiyyə balansının profisiti 2,3 milyard ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,7 % azdır. Mərkəzi Bank 2025–2026-cı illərdə profisitin illik 3–4 milyard ABŞ dolları səviyyəsində qalacağını gözləyir.
Azərbaycan Respublikası Hökumətinin proqnozlarına əsasən, 2025-ci ildə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 5,6 %-i səviyyəsində olacaq. 2025–2028-ci illərdə neft və qaz hasilatının gözlənilən həcmləri nəzərə alınmaqla, bu göstəricinin hər il orta hesabla ÜDM-in təxminən 3 %-i səviyyəsində qalacağı ehtimal edilir.
Fitch Ratings 2025-ci ildə Azərbaycanın cari əməliyyatlar hesabı profisitinin 4 milyard ABŞ dolları (ÜDM-in 5,3 %-i), 2026-cı ildə isə 3,9 milyard ABŞ dolları (ÜDM-in 4,9 %-i) səviyyəsində olacağını proqnozlaşdırır.
Dünya Bankı isə daha optimist proqnoz irəli sürür: 2025-ci ildə profisitin ÜDM-in 11,6 %-i səviyyəsində olacağı, növbəti illərdə isə tədricən azalaraq 2026-cı ildə 5,4 %, 2027-ci ildə 3,8 %, 2028-ci ildə 3,6 %, 2029-cu ildə isə 3,4 % səviyyəsinə düşəcəyi gözlənilir.







