
Beynəlxalq Valyuta Fondu (IMF) Yaxın Şərqdəki uzunmüddətli hərbi münaqişənin qlobal bazarlara və iqtisadiyyata ciddi zərbə vura biləcəyini bildirib. Bu barədə IMF-in direktoru Kristalina Georgiyeva martın 9-u Yaponiyada çıxışı zamanı bildirib.
O vurğulayıb ki, yeni münaqişə uzunmüddətli olarsa, bazar, iqtisadi artım və inflyasiyaya mənfi təsir göstərəcək və hökumətlərin üzərinə yeni vəzifələr qoyacaq. Direktor əlavə edib ki, sarsılmalar münaqişə başa çatdıqdan sonra da yarana bilər və qeyri-müəyyənliyin davam etməsi ehtimal olunur: “Bu yeni qlobal vəziyyətdə ağlasığmaz olanlar barədə fikirləşmək və ona hazırlaşmaq lazımdır”.
K.Georgiyeva çıxışını neftin bir bareli üçün təxminən 120 dollara yüksəldiyi və daha sonra Yaxın Şərqdə münaqişənin eskalasiyası, eləcə də neft nəqli marşrutları və qlobal enerji infrastrukturu üzərində artan təzyiq fonunda yenidən aşağı düşdüyü vaxt edib.
IMF direktoru həmçinin bildirib ki, münaqişə səbəbindən Hörmüz boğazı vasitəsilə gəmiçilik həcmi 90% azalıb, bu isə qlobal enerji bazarına ciddi təsir göstərir.




