“Azərbaycan və Türkmənistan dövlət başçılarının siyasi iradəsi və münasibətlərin inkişafına verdikləri önəm tərəfdaşlığın genişlənməsində əsas hərəkətverici qüvvədir. Türkmənistana işgüzar səfər çərçivəsində Prezident cənab Sərdar Berdiməhəmmədovun qəbulunda olduq və əlaqələrin bütün sahələr üzrə möhkəmləndirilməsi üçün imkanları nəzərdən keçirdik”.
BBN.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Türkmənistana işgüzar səfərimiz çərçivəsində bu ölkənin Nazirlər Kabinetinin sədr müavini, Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri Batır Atdayev ilə birlikdə “Agro-Pack Turkmenistan 2023” beynəlxalq sərgisində iştirak etdik. İnnovativ istehsal mexanizmlərinin təqdim edildiyi sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlərin təqdim etdiyi xidmətləri, iqtisadi səmərəliliyin artırılması, resurslardan effektiv istifadə və iqtisadiyyatın müxtəlif sahələri üçün müasir həlləri təmin edən yeniliklərlə tanış olduq”, – deyə nazir paylaşımında qeyd edib.