
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Mastercard arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Əməkdaşlıq çərçivəsində Azərbaycanda qabaqcıl kibertəhlükəsizlik texnologiyalarının tətbiqi, təşkilati və ekosistem səviyyəsində kiberdayanıqlılığın gücləndirilməsi, startapların inkişafı və innovasiyanın dəstəklənməsi, eləcə də kibertəhlükəsizlik sahəsində peşəkar bacarıqların və liderlik potensialının artırılması nəzərdə tutulur.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Mastercard” şirkətinin rəhbər heyəti ilə keçirilən görüşdə dövlət-özəl tərəfdaşlığının əhəmiyyətini vurğulayıb. O bildirib ki, qabaqcıl texnoloji təcrübənin öyrənilməsi və tətbiqi Azərbaycanın rəqəmsal inkişaf və innovasiya sahəsində milli prioritetlərinin həyata keçirilməsinə xidmət edir.
Nazir müavini qeyd edib ki, “Mastercard” ilə kibertəhlükəsizlik istiqamətində əməkdaşlığa xüsusi önəm veriləcək: “Əməkdaşlığımızın mühüm istiqaməti kibertəhlükəsizlik sahəsində rəqəmsallaşma, innovasiya və insan kapitalının inkişafı olacaqdır. Ortaq layihələrimizə “Mastercard” şirkətinin aparıcı ekspertləri cəlb olunacaq və Azərbaycandakı həmkarları ilə birgə təcrübə mübadiləsi aparılacaq”.
Memorandum çərçivəsində startapların inkişafını sürətləndirmək məqsədilə kompleks dəstək mexanizmlərinin tətbiqi də planlaşdırılır. Bu istiqamətdə startapların seçimi və akselerasiyası, maliyyə resurslarına çıxış imkanlarının yaradılması, beynəlxalq ekspert və investor şəbəkələrinə çıxış, eləcə də mentorluq və bacarıqların artırılması proqramları həyata keçiriləcək. Startapların yerli və qlobal bazarlara çıxışı və kommersiyalaşdırılması üçün də geniş imkanların yaradılması nəzərdə tutulur.
Bundan əlavə, tərəfdaşlıq çərçivəsində regional liderlik və ölkələrarası əməkdaşlıq proqramının icrası planlaşdırılır. Proqram müxtəlif təşkilatlar, maliyyə institutları və şirkətlərin informasiya təhlükəsizliyi üzrə rəhbər heyətlərinin bir araya gəlməsi, təcrübə mübadiləsi aparılması və aktual mövzuların müzakirəsini əhatə edəcək.
Əməkdaşlığın mühüm istiqamətlərindən biri də kibertəhlükəsizlik sahəsində dayanıqlı insan kapitalının formalaşdırılması olacaq. Bu çərçivədə təlim proqramları, kibertəhlükəsizlikdə idarəçilik, risklərin idarə edilməsi və komplayens sahəsində təhsil və mentorluq layihələri həyata keçiriləcək.
Tərəfdaşlıq çərçivəsində Azərbaycanın regional innovasiya və kibertəhlükəsizlik mərkəzi kimi mövqeyinin gücləndirilməsi, həmçinin daha geniş MDB regionunda dayanıqlılığın artırılması, bacarıqların inkişafı və institutlararası əməkdaşlığın təşviqinə yönəlmiş regional proqramların həyata keçirilməsi də nəzərdə tutulur.
“Mastercard” şirkətinin xidmətlər üzrə baş direktoru Kreyq Vosburq Azərbaycanda rəqəmsal transformasiya və innovasiya sahəsində böyük potensialın olduğunu bildirib: “Azərbaycan rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi ölkələrdəndir. Bu əməkdaşlıq təcrübə mübadiləsi baxımından hər iki tərəf üçün faydalı olacaqdır”.
Qeyd edək ki, “Mastercard” dünyanın 200-dən çox ölkəsində fəaliyyət göstərən və əsasən ödəniş sistemləri üzrə ixtisaslaşan qlobal texnologiya şirkətidir. Şirkət qabaqcıl texnologiyalar, kibertəhlükəsizlik həlləri və data əsaslı xidmətlər vasitəsilə təhlükəsiz və inklüziv rəqəmsal əməliyyatların həyata keçirilməsi istiqamətində həllər təqdim edir.




