
İcbari Sığorta Bürosu (İSB) 2025-2027-ci illər üçün fəaliyyət istiqamətlərini və rəqəmsal transformasiya hədəflərini müəyyənləşdirib.
Bunu İSB-nin Rəqəmsal Həllərin İnkişafı Departamentinin müdiri İslam İsmayılov Bakıda keçirilən “Türk Dövlətləri InsurTech Sammiti 2025” çərçivəsində deyib.
İslam İsmayılov bildirib ki, qarşıdakı dövrdə data əsaslı qərarların qəbulu prioritet olacaq:
“Süni intellekt texnologiyalarının tətbiqi genişləndiriləcək, yeni rəqəmsal məhsullar hazırlanacaq. Bununla yanaşı maliyyə dayanıqlığı gücləndiriləcək, korporativ idarəetmə standartları təkmilləşdiriləcək”.
Departament rəhbərinin sözlərinə görə, artıq 2025-ci ildə bir sıra layihələr icra olunub:
“Yaxın rüblərdə görülən işlərin nəticələri sektorda daha çevik və şəffaf idarəetməyə imkan verəcək”.
O vurğulayıb ki, əsas məqsəd vətəndaşlara daha rahat və sürətli xidmət göstərməkdir:
“Elektronlaşma prosesi sayəsində sığorta xidmətləri yalnız kağız üzərində deyil, real vaxtda rəqəmsal şəkildə təqdim olunacaq”.







