0
Koronavirus epidemiyası daha geniş radiusda yayıldıqca dünya iqtisadiyyatına daha çox mənfi təsir göstərir. ABŞ-ın “Dow Jones” və “S&P 500” indeksləri 2008-ci il böhranından bu yana ən böyük itkiyə məruz qalıblar. Bir çox şirkətlər istehsalını azaltmağa, bir sıra istehsal müəssisələrini tamamilə bağlamağa məcbur olublar. Başda turizm olmaqla bir çox sektorlarda mənfi nəticələr ortaya çıxsa da, koronavirusun yayılması bəzi şirkətlərin gəlirlərini nəzərə çarpacaq dərəcədə artırıb.
- Moderna – səhiyyə sahəsində fəaliyyət göstərən şirkətlər virusun vaksinin hazırlanması üzrə yarışırlar və bu isə öz növbəsində investorların bu sahəyə marağının artmasına gətirib çıxarır. Səhiyyə sektorunun nəhəng şirkətlərindən olan “Moderna”nın səhmləri ötən ildən bu yana 40% bahalaşıb.
- “Gilead Sciences” biotexnologiya şirkəti də koronavirus əleyhinə dərman preparatlarının hazırlaması səbəbindən bir çox investorların diqqətini cəlb edə bilib.
- “Clorox” – virusun yayılması ilə gündəmi zəbt edən gigiyena tendensiyası “Clorox” kimi təmizlik məhlulları istehsal edən nəhəng şirkətlərin böyüməsinə təkan verir.
- “Costco” – pərakəndə satış və ekommersiya şirkəti olan “Costco Wholesale” insanların virus təşvişi ilə alış-verişi artırması nəticəsində satışlarını ötən ilin fevral ayına nisbətdə 12.4% artırıb.
- “Lakeland Industries” – əksərən virusəleyhinə qoruyucu geyimlərin satışı ilə məşğul olan bu şirkət son rübdə satışlarında 14%-lik, xalis gəlirində isə 33%-lik artışa yiyələnib.
- “Zoom Video Communications” – epidemiya yayıldığı ölkələrdə insanların çölə çıxmağa daha az meyilli olduğunu və hətta bəzi ölkələrdə karantina səbəbindən bunun qadağan olunduğunu nəzərə alsaq, istifadəçilərinə video-konfrans tətbiqetməsi təklif edən şirkətin son rüb gəlirlərinin 78%, tətbiqetmənin yüklənmə sayının isə 90% artmasını təəccüblə qarşılamaya bilərik.
- “RingCentral” – kommunikasiya həlləri təklif edən “RingCentral” şirkəti gəlirlərində 34%-lik artım müşahidə edib və bu gəlir artımın növbəti rübdə də təkrarlanması və daha da artması gözlənilir.