
“The Wall Street Journal”a (WSJ) istinadən xəbər verir ki, İlon Maskın rəhbərlik etdiyi “SpaceX” şirkəti yeni nəsil raketdən müdafiə sistemi olan “Qızıl Günbəz” (Golden Dome) layihəsi üçün ayrılan vəsaitlərdən ən azı 2 milyard dollar əldə edəcək.
Mənbələrin məlumatına görə, “SpaceX” rakteləri və təyyarələri izləyə bilən 600 peyk istehsal edərək orbitə çıxarmalıdır. Bundan əlavə, şirkət Pentaqonun iki digər peyk sistemi layihəsində də əsas rol oynayacaq.
Pentaqon “SpaceX”in layihədə iştirakını şərh etməkdən imtina edib, şirkət isə jurnalistlərin sorğusuna cavab verməyib.
Qeyd edək ki, Donald Tramp 2025-ci ilin yanvarında Ağ Evə qayıtdıqdan bir neçə gün sonra “Qızıl Günbəz” sisteminin yaradılması barədə fərman imzalayıb. Yeni müdafiə sistemi ABŞ ərazisini ballistik, hipersəs və qanadlı raketlərdən, eləcə də digər müasir hava hücum vasitələrindən qorumağı məqsəd qoyur.







