
Nazirlər Kabineti “Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsində dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, “Elektron kredit və zəmanət” informasiya sistemi Azərbaycan Respublikası Prezidentinin 9 yanvar 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla) fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq fəaliyyət göstərəcək.
Dəyişikliyə əsasən, informasiya sistemi “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC-nin Nizamnaməsinə uyğun olaraq sahibkarlıq subyektlərinə müvəkkil təşkilatlar vasitəsilə təqdim olunan dəstək mexanizmlərinin həyata keçirilməsi ilə bağlı prosedurların elektron qaydada icrasını təmin edən sistem kimi müəyyən edilib.




