![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Beynəlxalq bazarda cari ildə neftə tələb ötən ilə nəzərən gündəlik 99.5 milyon barel səviyyəsindən gündəlik 88.1 milyon barel səviyyəsinə geriləyə bilər. Bu barədə, Norveç mərkəzli “Rystad Energy” araşdırma şirkətinin hesabatında qeyd olunub. Neftə olan tələbdə yarana biləcək 11.5%-lik geriləmə koronavirus pandemiyasının iqtisadiyyata təsirləri ilə əlaqələndirilib. Hesabatda, may ayı üzrə tələbin gündəlik 78.5 milyon barel, iyun ayında isə gündəlik 84 milyon barel olması proqnozlaşdırılıb.
“Rystad” hesabatında avtomobil nəqliyyatı üzrə neft məhsullarına tələbin ötən il ilə müqayisədə 9.9% azalaraq gündəlik 42.7 milyon barel, hava nəqliyyatı üçün isə 40.8% azalaraq gündəlik 4.3 milyon barel səviyyəsinə geriləyəcəyini vurğulayıb. Cari ildə ABŞ-da neft məhsullarına tələb gündəlik 18.1 milyon barel, Avropada isə gündəlik 12 milyon barel olacaq.
Hesabatda, 2021-ci ildə neft və neft məhsullarına tələbin qismən bərpa olunaraq gündəlik 96.3 milyon barel səviyyəsində qərarlaşacağı göstərilib.