

30 yanvar 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və “Open business software solutions”(OBSS) təşkilatı ilə birgə ABA-nın nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” üzvləri üçün biznes səhər yeməyi tədbiri təşkil olunmuşdur.
Məlum olduğu kimi, Azərbaycan Banklar Assosiasiyası bank əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə yerli və xarici təşkilatlarla müxtəlif təlim proqramları və layihələr həyata keçirir.
Bu cür tədbirlərin davamı olaraq təşkil edilən görüşdə OBSS-nin texnologiya, biznes məsləhətçiliyi, rəqəmsal bankçılıq və süni intellekt sahəsindəki bacarıqları, müştəri yönümlü həllər və uğur nümunələri, həmçinin əməkdaşlıq imkanlarının qiymətləndirilməsi mövzusunda müzakirələr aparılmışdır.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.