“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib

24 iyul 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib.

İclas zamanı ölkə daxilində ödəniş kartları ilə aparılan müxtəlif növ əməliyyatlarda beynəlxalq kart təşkilatları üzrə vahid interçeync xidmət haqlarının tətbiq edilməsi müzakirə edilmiş və bu siyasətin tətbiq edilməsi dəstəklənmişdir. Həmçinin Azərbaycan Respublikası Mərkəzi Bank qarşısında bununla bağlı məsələnin qaldırılması qərara alınmışdır.

Müzakirələr zamanı, beynəlxalq kart təşkilatlarından olan “MasterCard Worldwide” ilə göstərilən xidmətlərə görə hesablaşmaların aparılması zamanı ikiqat vergitutmanın tətbiq olunduğu açıqlanaraq bu məsələdə dəstək olmaq üçün aidiyyəti hökumət qurumlarına müraciət edilməsi razılaşdırılmışdır.

Görüşdə həmçinin “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində “Baza bank xidmətləri paketi” layihəsinə toxunularaq tətbiqi istiqamətləri müzakirə edilmişdir.

Bır sıra mövzuların müzakirə edildiyi görüşdə ölkəmizin ödəniş ekosistemində təmsil olunan müxtəlif maliyyə institutları, o cümlədən pul köçürmə sistemlərinə münasibətdə ekskluziv yanaşmanın aradan qaldırılması zərurəti də qeyd edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır