İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının (TDT) katibliyi ilə birgə hazırladığı “Türk Dövlətləri İqtisadiyyatı” kitabının təqdimatı Özbəkistanın Daşkənd şəhərində olub. Hibrid formatda təşkil olunan tədbiri açıq elan edən Özbəkistan Respublikası Prezidentinin müşavirinin müavini, İqtisadi Araşdırmalar və İslahatlar Mərkəzinin direktoru Obid Hakimov kitabın türk dünyasının beyin mərkəzləri üçün əhəmiyyətli töhfə olduğunu və iqtisadi proseslərin dinamikasını anlamaq üçün tədqiqatçılara, siyasətçilərə və sahibkarlara dəyərli təhlillər təqdim etdiyini bildirib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsləri çərçivəsində iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın artırılması sahəsində Özbəkistanın İqtisadi Araşdırmalar və İslahatlar Mərkəzi ilə birgə əməkdaşlığın əhəmiyyəti vurğulayıb. O, “Türk Dövlətlərinin İqtisadiyyatı” kitabını əməkdaşlığın xəritəsi adlandıraraq bölgədə iqtisadi inteqrasiya üçün yeni yolların açılmasının vacibliyini qeyd edib. Vüsal Qasımlı bildirib ki, kitabın hazırlanmasında yeddi türk dövlətinin iqtisadi tədqiqatlar sahəsində tanınmış 35-dən artıq alimi iştirak edib və hər bir müstəqil dövlətin türk dünyasındakı rolu araşdırılıb.
Sonra İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova kitabda tədqiq olunan müasir iqtisadi modelləri, “Qravitasiya Modeli” və “Qraf Nəzəriyyəsi” kimi metodologiyaların tətbiqi, türk dövlətləri arasında iqtisadi inteqrasiya və ticarət dövriyyəsinin artırılması üçün tövsiyələri diqqətə çatdırıb. O, kitabda ayrıca tədqiq olunan Zəngəzur dəhlizinin Türk dünyası üçün əhəmiyyəti və çoxşaxəli ticarətə təsiri barədə nəticələri qeyd edib. V. Cəfərova TDAM tərəfindən 8 dildə rüblük “Türk İqtisadi İcmalı”nın hazırlandığını və burada türk dövlətlərinin iqtisadiyyatlarında baş verən tendensiyaların təqdim olunduğunu bildirib, “Türk Dünyası 2040 Vizyonu” məqsədləri ilə bağlı icra olunan layihələrdən danışıb.
Tədbirdə TDT ölkələri arasında iqtisadi inteqrasiyanın sürətləndirilməsi və ticarət əlaqələrinin inkişafı yolları müzakirə olunub.