Home » Qızıl bahalaşır, əmlak stabil qalır: Gələn il nə almaq sərfəlidir?

Qızıl bahalaşır, əmlak stabil qalır: Gələn il nə almaq sərfəlidir?

by yunus
0 comments 0 views 3 minutes read

Son dövrlər sosial platformalarda Azərbaycanın investisiya mühiti ətrafında müzakirələr xeyli intensivləşib. Xüsusilə bəzi iqtisadçıların daşınmaz əmlak bazarında qiymətlərin enəcəyi, son aylarda sürətlə bahalaşan qızılın isə yaxın perspektivdə ucuzlaşa biləcəyi ilə bağlı fikirləri ictimai marağa səbəb olub. Bu yanaşmalar vətəndaşların investisiya qərarları ilə bağlı suallarını artırıb. Gələn il doğrudanmı əmlak və qızıl bazarında geriləmə gözlənilir? Hazırda əhali hansı yatırım alətlərinə üstünlük verir və seçim zamanı nələr nəzərə alınmalıdır?

BBN.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Orucun sözlərinə görə, mövcud iqtisadi şəraitdə əmlak və qızılın ucuzlaşması real görünmür. Onun fikrincə, qiymət dəyişiklikləri hər zaman bazara təsir edən amillərlə birbaşa bağlıdır və hazırkı mərhələdə bu aktivlərə tələbat yüksək olaraq qalır. Ekspert qeyd edir ki, xüsusilə qızılın yaxın dövrdə dəyər itirəcəyi ehtimalı zəifdir, əksinə, qlobal qeyri-müəyyənliklər fonunda qiymət artımı daha real ssenari sayılır.

V.Oruc bildirir ki, Azərbaycanda daşınmaz əmlak hələ də əhali üçün ən etibarlı investisiya vasitəsi kimi qəbul olunur. Onun sözlərinə görə, biznes yatırımları və fond bazarına maraq hələ geniş yayılmayıb, bank depozitləri isə əvvəlki illərdə yaşanan mənfi təcrübələr səbəbindən cəmiyyətdə etimadı tam bərpa etməyib. Bu amillər daşınmaz əmlakın nisbətən risksiz və sabit investisiya kimi mövqeyini möhkəmləndirir. Əmlak həm qiymət artımı, həm də icarə gəliri baxımından əlavə üstünlük yaradır. Qızıl isə əsasən dəyərini qoruyan və tədricən artan aktiv kimi seçilir. Ekspert vurğulayır ki, vətəndaşlar investisiya etdikləri vəsaiti fiziki olaraq görmək və nəzarətdə saxlamaq istəyirlər, bu baxımdan əmlak və qızıl depozitlərdən daha cəlbedici görünür.

İqtisadçı eyni zamanda bildirir ki, qarşıdakı il iqtisadi baxımdan asan olmayacaq. Onun proqnozlarına əsasən, 2026-cı ildə devalvasiya riski, iqtisadi fəallığın zəifləməsi, vergi yükünün artması və maliyyə siyasətində sərtləşmə ehtimalları mövcuddur. Bu faktorlar investisiya mühitinə mənfi təsir göstərə bilər. Buna baxmayaraq, əhalinin əsas seçimlərinin yenə də daşınmaz əmlak və qızıl olacağı gözlənilir.

İqtisadçı-ekspert Fərhad Pərvizi isə daha ehtiyatlı mövqe sərgiləyir. O hesab edir ki, 2026-cı il iqtisadi baxımdan mürəkkəb olacaq. Onun sözlərinə görə, dövlət büdcəsində xərclərin artmaması iqtisadi artım tempini zəiflədə bilər, çünki Azərbaycan iqtisadiyyatı əsasən dövlət xərcləri ilə hərəkət edən modelə malikdir. Bundan əlavə, qlobal miqyasda, o cümlədən ABŞ siyasətində mümkün dəyişikliklər və neft qiymətlərində azalma riski vəziyyəti daha da çətinləşdirə bilər. Ekspert 2027-ci ildə beynəlxalq maliyyə böhranı ehtimalının da nəzərə alınmalı olduğunu bildirərək, növbəti bir neçə ildə iri həcmli investisiyaların riskli olduğunu vurğulayır.

F.Pərvizi şəxsi təcrübəsinə əsaslanaraq qeyd edir ki, daşınmaz əmlak uzunmüddətli dövrdə hər zaman yüksək gəlir vəd etmir. O, illər əvvəl aldığı mənzilin manat ifadəsində bahalaşsa da, dollar ekvivalentində gəlirin çox məhdud olduğunu misal çəkir. Ekspert hesab edir ki, yaşayış üçün ev almaq zəruridir, lakin sırf investisiya məqsədilə bütün vəsaiti daşınmaz əmlaka yönəltmək optimal yanaşma deyil. Onun fikrincə, səhm bazarları, qızıl və real sektor layihələri daha yüksək gəlir potensialına malik ola bilər, çünki istehsal və biznes iqtisadiyyata əlavə dəyər yaradır.

Biznes kouç Tural Əliyev isə investisiyaya daha geniş prizmadan yanaşır. O, sosial şəbəkələrdə paylaşdığı nümunə ilə bildirir ki, uzunmüddətli dövrdə qızıl və torpaq dəyər qazanan aktivlər sırasında yer alır. Onun sözlərinə görə, 2000-ci illərin əvvəlində qızıla və ya Bakının perspektivli ərazilərində torpağa yatırım edən şəxslər bu gün ciddi qazanc əldə edə bilərdilər. Dolların isə əsasən vəsaiti qoruduğunu, lakin uzun müddətdə real artım yaratmadığını qeyd edir.

T.Əliyev yekun olaraq vurğulayır ki, bütün bu alətlərə baxmayaraq, ən yüksək gəlir potensialı biznes qurmaqdan keçir. Onun fikrincə, pul, qızıl və ya torpaq passiv aktivlərdir, lakin bilik, ideya və düzgün idarə olunan biznes vəsaiti real şəkildə artırmaq gücünə malikdir.

Yeni Sabah

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.