
Qlobal bazarlarda son günlər yaşanan gərginlik yerini ehtiyatlı bir nikbinliyə buraxıb.
İsveçrədə ABŞ və İran rəsmiləri arasında keçirilən dördtərəfli sülh danışıqlarında “əhəmiyyətli irəliləyiş” əldə olunduğunun açıqlanması maliyyə dünyasını hərəkətə gətirib. Qətər və Pakistanın vasitəçiliyi ilə tərəflərin daha geniş bir saziş üçün yol xəritəsi üzərində razılığa gəlməsi xəbəri, Hormuz boğazı ətrafındakı geosiyasi gərginliyi azaldaraq xam neft qiymətlərini aşağı salıb.
Neft qiymətlərinin ucuzlaşması isə öz növbəsində qlobal inflyasiya qorxularını bir qədər səngidib və Federal Ehtiyat Sisteminin (FED) daha aqressiv faiz artımına getməyəcəyi gözləntisini yaradaraq qızılın yenidən dəyər qazanmasına yol açıb. Belə ki, ötən həftəni enişlə başa vuran və üç seans ardıcıl itki verən spot qızılın qiyməti bu xəbərlərlə birlikdə yenidən yüksələrək unsiya başına 4,194 dollara, ABŞ qızıl fyuçersləri isə 4,211 dollara qədər bahalaşıb. Bununla belə, qızıldakı bu yüksəliş trendinin qarşısını kəsən ciddi bir faktor hələ də masadadır. Keçən həftə keçirilən FED iclasında rəsmilərin inflyasiya risklərinə qarşı sərt mövqelərini qorumaları və faiz dərəcələrinin uzun müddət yüksək səviyyədə qala biləcəyinə dair siqnalları qızılın daha böyük sıçrayışlar etməsini məhdudlaşdırır. Trederlər bir tərəfdən İsveçrədə həftə boyu davam edəcək texniki müzakirələri və rəsmi sülh sazişinin imzalanma ehtimalını izləyir, digər tərəfdən isə FED-in sentyabr ayında ata biləcəyi mümkün faiz addımlarını hesatlayırlar.




