
Hazırda dünyada sığorta texnologiyaları (InsurTech) bazarının həcmi təxminən 35 mlrd ABŞ dollarıdır. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) sədri Vüsal Qasımlı Bakıda keçirilən “Türk Dövlətləri InsurTech Sammiti 2025”də bildirib.
Onun sözlərinə görə, yaxın illərdə InsurTech sektorunun sürətli inkişafı gözlənilir və 2034-cü ilə qədər bazar həcminin 610 mlrd ABŞ dollarına çatacağı proqnozlaşdırılır:
“Proses çox sürətlə gedir və adaptasiya üçün zaman məhduddur. Əgər yeniliklərə vaxtında keçid edə bilməsək, rəqabətdə geridə qalma riskimiz var. Xüsusilə böyük verilənlərin yaradılması və risklərin qiymətləndirilməsinin yeni mərhələyə keçməsi sığortanın mahiyyətini dəyişir”, – V. Qasımlı qeyd edib.
O əlavə edib ki, Big Data, süni intellekt və rəqəmsal platformalar risklərin öncədən qiymətləndirilməsi, məhsulların fərdiləşdirilməsi və xidmətlərin daha operativ təşkilinə imkan yaradır:
“Artıq risklər retrospektiv deyil, proqnozlaşdırıcı modellərlə qiymətləndirilir. Bu isə sığorta şirkətlərinin dayanıqlığını artırır və müştərilərə daha dəqiq qiymət təklif etməyə şərait yaradır.”
İİTKM rəhbəri vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi və institusional inteqrasiya prosesi sürətlənir:
“Bu inteqrasiyanın bir parçası kimi artıq sığorta elementini də görürük. Türk dövlətləri arasında InsurTech üzrə əməkdaşlığın dərinləşməsi ümumi rəqəmsal transformasiyanın tərkib hissəsidir və ölkələr arasında iqtisadi münasibətlərdə yeni mərhələ formalaşdırır.”







