Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) 20 sentyabr “Neftçilər Günü” çərçivəsində ilk dəfə “Peşəkarlar” müsabiqəsi keçirilib. Bu xüsusda, SOCAR-ın “Təhlükəsizlik”, “Vahid komanda”, “Davamlı inkişaf və Qayğı” kimi yeni dəyərlərinin kommunikasiyasının təmin edilməsi məqsədilə bir sıra fərdi və komanda yarışları təşkil olunub.
Yeddi fərqli peşə üzrə SOCAR-ın 21 müəssisəsinin əhatə olunduğu müsabiqədə ümumilikdə 280 nəfər iştirak edib. Nəzəri test imtahanlarında hər peşə üzrə ən yüksək nəticə göstərən 20 nəfər praktiki mərhələdə iştirak hüququ qazanıb. Müsabiqədə “Azneft İB”dən 8, “Neftqaztikinti” trestindən 5, Təhlükəsizlik idarəsindən isə 3 nəfər olmaqla hər peşə üzrə 8 fərqli müəssisədən 21 nəfər qalib olub.
SOCAR-ın Baş ofisində keçirilən müsabiqədə çıxış edən SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva bütün iştirakçılara təşəkkürünü bildirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Praktiki mərhələdə iştirak edən bütün əməkdaşlara sertifikat və hədiyyələr təqdim olunub, fərqlənən əməkdaşlar mükafatlandırılıb. Müsabiqənin son günündə keçirilən komanda oyunlarında qalib adını qazanan “Dostluq” komandasının üzvlərinə pul mükafatı verilib.
Pilot layihə olan müsabiqə iştirakçıların çalışdıqları müəssisələrdə biznes proseslərinə fayda verməklə yanaşı, şirkət üzrə sağlam və dinamik iş mühitinin formalaşdırılmasına töhfə vermək məqsədi daşıyır.