İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirdiyi “Startup School 2 – AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsinə müraciət edənlərlə bağlı müəyyən məlumatlar açıqlanıb. Bu müddət ərzində müsabiqədə iştirak üçün 121 layihə müraciət edib. Startap məktəbində təhsil almaq üçün Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrindən – Kanada, Finlandiya, Almaniya, Cənubi Afrika Respublikası, Polşa, Çexiya, Qazaxıstan və Türkiyədən layihələr qoşulub. Layihədə qeydiyyatdan keçənlərin 46,1%-ni 20 yaşadək olan gənclər təşkil edib. Müraciətçilər arasında 50 yaşdan yuxarı 3 nəfər və 15 yaşdan aşağı 1 nəfər də var. Layihəyə qoşulmaq istəyənlər daha çox kənd təsərrüfatı, “yaşıl şəhər” və turizm sahələrinə maraq göstəriblər.
“Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva “Startup School 2 – AI for Green Solidarity” layihəsinə qeydiyyatın ilk günündən müşahidə olunan aktivlikdən məmnunluq ifadə edib. O bildirib ki, ötən ildən fərqli olaraq bu il startapların mövzularının yalnız süni intellekt ilə bağlı olmasına baxmayaraq, müraciət sayı bir daha sübut edib ki, xüsusilə də süni intellekt sahəsində startap ekosistemində akademik və praktik biliklərə yiyələnmək gənclərin daha çox marağındadır. Onun sözlərinə görə, müraciət edənlərin müxtəlif ölkələrdən olması, eyni zamanda layihəyə gənclərin böyük maraq göstərmələri sevindirici haldır.
Nəzərinizə çatdırırıq ki, 02.04.2024-cü il tarixində saat 12:00-dan etibarən https://startupschool.az/ və https://enterpriseazerbaijan.gov.az/ linklərinə daxil olaraq nəticələr ilə tanış ola bilərsiniz.