Home » TDT-nin Baş katibinin iştirakı ilə “Türk Dövlətləri İqtisadiyyatı” kitabı təqdim olunub

TDT-nin Baş katibinin iştirakı ilə “Türk Dövlətləri İqtisadiyyatı” kitabı təqdim olunub

by Aytac
0 comment 1 views 3 minutes read

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi ilə birlikdə hazırladığı “Türk Dövlətləri İqtisadiyyatı” kitabının təqdimatı keçirilib.

İİTKM-in inzibati binasında baş tutan tədbirdə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun (BTMİF) prezidenti Günay Əfəndiyeva,  Qırğızıstanın ölkəmizdəki səfiri Kairat Osmonaliev, Özbəkistanın ölkəmizdəki səfiri Baxrom Əşrəfxanov, Macarıstanın ölkəmizdəki səfiri Tamaş Torma, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtım müşaviri Muhittin Macit, eləcə də Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru Nazim İmanov və digər qonaqlar iştirak ediblər.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi Mərkəzdə türk dövlətlərinin iqtisadiyyatlarının araşdırılması istiqamətində görülən işlər barədə məlumat verib. O, İİTKM-in nəzdində Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) fəaliyyət göstərdiyini və burada 8 dildə rüblük “Türk İqtisadi İcmalı”nın hazırlandığını və burada türk dövlətlərinin iqtisadiyyatlarında baş verən tendensiyaların diqqət mərkəzində saxlandığını, müvafiq rəqəmlərin verildiyini bildirib. “Türk Dövlətləri İqtisadiyyatı” kitabının ərsəyə gəlmə prosesindən danışan V.Qasımlı deyib ki, kitabın yazılmasında yeddi türk dövlətinin iqtisadi tədqiqatlar sahəsində tanınmış 35-dən artıq alimi iştirak edib. Türk dünyasında birgə əməkdaşlıq mexanizminə müqayisəli yanaşma sərgilənib, hər bir müstəqil dövlətin türk dünyasındakı rolu araşdırılıb, eləcə də türk dünyasında imkanlar və inkişaf perspektivləri təqdim olunub.

TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev “Türk Dövlətləri İqtisadiyyatı” kitabında bütövlükdə türk dünyasının iqtisadi mənzərəsinin canlandırıldığını bildirib. O, iqtisadi inteqrasiya və davamlı inkişafa nail olmaq istiqamətində səylərin birləşdirilməsində bu kitabın xüsusi rolu olduğunu qeyd edib. Baş katib “Türk Dövlətləri İqtisadiyyatı” kitabının siyasətçilər, bürokratlar və tədqiqatçılar üçün istinad mənbəyi olacağına; iqtisadi siyasətin formalaşdırılması, diplomatik əlaqələrin inkişaf etdirilməsi və regionumuzda davamlı inkişafın təmin edilməsi üçün dəyərli fikirlər təqdim edəcəyinə inandığını vurğulayıb.

BTMİF-in prezidenti Günay Əfəndiyeva iqtisadiyyat və mədəniyyət arasında sıx əlaqələrin olduğunu, bu iki sahənin bir-birinə təsir etdiyini, bu baxımdan türk dövlətlərinin ortaq mədəniyyətinin də onların ortaq iqtisadiyyatının inkişafına dəstək verəcəyini bildirib.

Daha sonra çıxış edən türk dövlətlərinin ölkəmizdəki səfirləri kitabın samballı bir əsər kimi yazıldığını və türk dünyasının iqtisadi-siyasi inteqrasiyasına xüsusi töhfə verəcəyini qeyd ediblər.

Qeyd edək ki, “Türk Dövlətləri İqtisadiyyatı” kitabı iki hissədən ibarətdir. Birinci hissə Türk dövlətlərinin iqtisadiyyatı barədə ümumi, ikinci hissə isə hər bir ölkənin son 10 ildə qeydə alınmış iqtisadi göstəricilərinə dair spesifik məlumatlardan ibarətdir. Məlumatlar bir neçə istiqamət üzrə qruplaşdırılıb. Belə ki, kitabda türk dünyası ölkələrinin iqtisadiyyatı makro və mikro səviyyədə təhlil edilib. Kitabda türk dövlətlərinin çoxtərəfli ticarətinə təsir edən amillərə “Qravitasiya modeli” əsasında yanaşılıb, Zəngəzur Dəhlizinin Mərkəzi Asiya və Cənubi Qafqaz regionu ölkələrinin perspektivinə və qarşılıqlı iqtisadi münasibətlərinə təsiri təhlil olunub. Həmçinin “Qraflar nəzəriyyəsi”nə istinad etməklə türk dünyasında birbaşa xarici investisiya və ticarət dinamikasının təhlili aparılıb. Bundan başqa, türk dövlətlərinin iqtisadi əməkdaşlığının institusional əsasları “Türk dünyası 2040 vizyonu” kontekstində araşdırılıb.

Kitabın elmi redaktoru İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlıdır. Kitaba ön sözü Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev yazıb.

İngilis dilində hazırlanan kitabın yazılmasında Qazaxıstanın İqtisadi Araşdırmalar İnstitutu, Qırğızıstan Respublikasının Prezidenti yanında Milli Strateji Araşdırmalar İnstitutu, Qırğızıstan Respublikasının Milli Elmlər Akademiyası, Özbəkistanın İqtisadi Araşdırmalar və İslahatlar Mərkəzi, Macarıstanın Xarici Əlaqələr və Ticarət İnstitutu və Budapeşt Metropolitan Universiteti, Bursa Uludağ Universiteti, UNEC-in Türk Dünyası İqtisad Fakültəsi, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu kimi beyin mərkəzləri yaxından iştirak edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.