
Bakıda keçirilən İslam Maliyyə Forumunda (İMF) Türkiyə Prezidentliyinin İnvestisiya və Maliyyə Ofisinin rəsmisi Tarık Akın bildirib ki, Azərbaycan və Türkiyə həm xalqlar, həm də iqtisadi-maliyyə əlaqələri baxımından dərin köklərə malikdir. Bu qardaşlıq münasibətləri birgə uğurların əsasını təşkil edir.
T. Akının sözlərinə görə, islam maliyyə sistemi Türkiyədə şəffaflıq, uzunmüddətlilik və etik dəyərlərə əsaslanaraq sürətlə inkişaf edib və böyük əhəmiyyət kəsb edir:
“Biz bu sahənin təkcə Türkiyədə deyil, bütün regionda, xüsusilə Azərbaycanda inkişafına dəstək göstərməyi strateji hədəf hesab edirik” – deyə o vurğulayıb.
O əlavə edib ki, islam maliyyəsinin əsas prinsipləri – riskin bölüşdürülməsi, ədalətli gəlir bölgüsü və real iqtisadiyyatla bağlılıq – dayanıqlı inkişafı dəstəkləyir. Azərbaycanın enerji potensialı, strateji mövqeyi və inkişaf imkanları ölkəni qlobal maliyyə mərkəzinə çevirmə istiqamətində atdığı addımları gücləndirir.
T. Akın Qarabağda aparılan yenidənqurma işlərinin böyük investisiya imkanları yaratdığını qeyd edib və islami maliyyə alətləri – sukuk, təkatül və iştirakçılıq mexanizmlərinin bu layihələrin maliyyələşdirilməsində alternativ mənbə ola biləcəyini bildirib.
Sonda o qeyd edib ki, Türkiyə Prezidentliyinin İnvestisiya və Maliyyə Ofisi Azərbaycanla islami maliyyə sahəsində təcrübə mübadiləsini dərinləşdirməyə və yeni imkanları araşdırmağa tam hazırdır:
“Əminəm ki, bu əməkdaşlıq hər iki ölkənin iqtisadiyyatına yeni nəfəs gətirəcək və əlaqələrimizi daha da möhkəmləndirəcək” – deyə T. Akın bildirib.
Mənbə: Report.az







