
Azərbaycanın vergi qanunvericiliyində nəzərdə tutulan əsas dəyişikliklərdən biri işğaldan azad edilmiş ərazilərdə qüvvədə olan bütün güzəştlərin Naxçıvan Muxtar Respublikasına da şamil edilməsidir.
BBN.az xəbər verir ki, Maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib ki, bu güzəştlərin 10 il müddətinə Naxçıvanda özəl sektora tətbiqi regionun iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Nazir vurğulayıb ki, dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində idxal olunan texnika və avadanlıqlara vergi azadolmalarının təqdim olunması, özəl sektorun dəstəklənməsi və iri investisiya layihələrinin reallaşdırılmasına təkan verəcək.
Yeni paketdə bir sıra mühüm güzəştlər nəzərdə tutulur. Media subyektləri üçün vergi güzəştlərinin 3 il müddətinə uzadılması, kənd təsərrüfatında tətbiq olunan güzəştlərin balıqçılıq sahəsinə də şamil edilməsi, sadələşdirilmiş vergi dövriyyəsi limitinin 200 min manatdan 400 min manata qaldırılması mikro və kiçik sahibkarlığın dəstəklənməsinə xidmət edir.
Bundan başqa, dividendlər üzrə verginin 14 faizdən 5 faizə, kirayə gəlirləri üzrə verginin isə 14 faizdən 10 faizə endirilməsi, rüsumsuz mağazalarda satış zamanı ƏDV və aksiz dərəcələrinin 0 faiz müəyyən edilməsi, gübrələrin, xüsusilə orqanomineral gübrələrin idxal və satışının ƏDV-dən azad olunması, gəmiqayırma sektoru və ölkədə istehsal olunan yük avtomobillərinin satışına azadolmaların tətbiqi, həmçinin bərbərxana, kosmetoloji mərkəz və digər ictimai iaşə obyektlərində “ƏDV geri al” mexanizminin genişləndirilməsi planlaşdırılır.
Əməkhaqqı gəlirlərinə münasibətdə də yeni güzəşt mexanizmi tətbiq ediləcək. Hökumət tərəfindən qəbul edilən qərara əsasən, gələn ildən aylıq 2 500 manata qədər olan əməkhaqqı gəlirləri üzrə cəmi 3 faiz gəlir vergisi tutulacaq. Bu dəyişiklik əməkhaqqı alan əhalinin böyük bir hissəsini əhatə edəcək.







